Əsas Səhifə > Gündəm, Manşet > BÜTÜN MƏMUR HEYƏTİ SEÇKİLƏRƏ QƏDƏR SINAQDADIR

BÜTÜN MƏMUR HEYƏTİ SEÇKİLƏRƏ QƏDƏR SINAQDADIR


15-02-2013, 09:56
BÜTÜN MƏMUR HEYƏTİ SEÇKİLƏRƏ QƏDƏR SINAQDADIR
ONLAR YENİ SİYASİ DÖNƏMİN ŞƏRTLƏRİNƏ AYAQ UYDURMALIDIRLAR

DİA.AZ: - Məlum olduğu kimi, dünən prezident İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovu vəzifəsindən alaraq onun yerinə Dövlət Aqrar Universitetinin direktoru Mirdamət Sadıqovu təyin etdi. Bildirək ki, əslində belə bir addımın atılması gözlənilən idi. Çünki…

Xatırlayırsınızsa, hələ İsmayıllıda məlum hadisələr baş verdiyi zaman bir məqama xüsusi diqqət ayırmışdıq. Bildirmişdik ki, artıq icra başçısı yerli əhali ilə arasındakı körpünü yandırıb və onun hətta davamlı olaraq İsmayıllının kəndlərində görüşlər keçirməsi belə heç nəyi dəyişməyəcək. Yəni əgər İsmayıllıda etiraz aksiyalarının yatarılmasına belə bir güc tətbiq olunursa və icra başçısı həmin prosesi izləyərək rəhbərlik etdiyi camaatın zorakılığa məruz qalmasını müşahidə edirsə, bu artıq sonrakı dönəmin ağır olacağından xəbər verməkdədir.

Diqqət yetirin, Qubada keçən ilin mart ayının 1-də baş verən hadisələr miqyasına və ruhuna görə daha radikal, daha aqressiv notlarla müşaiyət olunmuşdu. Amma buna baxmayaraq, Qubanın devrilmiş icra başçısı Rauf Həbibov xalqa qarşı polis gücündən istifadə olunmasına imkan vermədi. Rauf Həbibov hətta mətbuata verdiyi müsahibəsində də bunu etiraf etmişdi və bildirişdi ki, o istəsəydi, hüquq-mühafizə orqanlarının gücü ilə məlum etirazları yatırardı. Amma istəmədi. Çünki artıq yerli əhalinin onun rəhbərliyini arzu etmədiyini bilirdi. Yəni situasiya belə bir mərhələyə gətirilmişdi.

Amma İsmayıllıda tamam fərqli olaylar baş verdi və başçı geri çəkilmədi. Təbii ki, belə olan təqdirdə prezidentin öz mövqeyini ortaya qoyacağı gözlənilən idi. Əslində prezident bir neçə gün əvvəlindən mövqeyini ifadə etmişdi və tutduğu postun əhəmiyyətindən asılı olmayaraq bütün məmuriyyətə sərt xəbərdarlığını çatdırmışdı. Və bu xəbərdarlığın ardından konkret addımların atılması da labüd idi.

DİA.AZ-a bütün bunları şərh edən mənbəmiz əlavə olaraq məlumatlar da verib. Qaynaq iddia edir ki, daha bir neçə rayonun icra başçısı ilə bağlı da anoloji situasiya yaranıb: «Onlara qarşı aksiyalar təbii ki, Quba və İsmayıllı şiddətində olmayıb. Amma artıq xalq etirazları onları da prezidentin diqqətinə gətirib. Və həmin icra başçıları sanki bir sınaq dövründədirlər. İstənilən bir qığılcım onların gedişinə nədən ola bilər».

Hökumət içindəki mənbəmizin sözlərinə görə, prezident seçkilərinə qədər bu durum davam edəcək: «Yəni seçkilərdən sonra daha total xarakterli islahatlar aparılacaq. Yəni kim yeni siyasi dönəmin şərtlərinə cavab vermirsə, onlarla iqtidarın yolları ayrılacaq. Hər bir məmura prezident adından xəbərdarlıq edilib. Dünənə qədərt işlədikləri prinsiplər dəyişib. Yəni bu gün daha çox xalqa yönəlik siyasət yürüdülür ki, bu da əslində prezidentin Qarabağla bağlı planlarının təzahürü kimi qəbul edilməlidir. Kimsə iddia edə bilməz ki, İlham Əliyev Qarabağın azadlığını istəmir. Və kimsə onu da təkzib edə bilməz ki, Qarabağın azadlığı məhz xalqın gücü ilə baş tuta bilər».

Geri qayıt