Əsas Səhifə > Ölkə > 12 SAYLI KOLON RƏHBƏRLİYİNDƏN ŞİKAYƏT VAR
12 SAYLI KOLON RƏHBƏRLİYİNDƏN ŞİKAYƏT VAR14-02-2013, 14:47 |
DUSTAQLAR NARAZILIQ EDİR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 1050 nəfər məhkumu dövlət başçısı İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıblar. Müraciəti Turan-a “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı göndərib. Müraciətdə adı çəkilən müəssisədə baş alıb gedən qanunsuzluqlardan, özbaşınalıqlardan, korrupsiyadan, dustaqlara verilən işgəncədən və onlara göstərilən qeyri- insanı münasibətdən bəhs edilir. Sənəddə deyilir: “Bu müraciəti 1050 nəfər məhkumun cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində baş alıb gedən qanunsuzluqları, özbaşınalıqları, korrupsiya faktlarını prezident İlham Əliyevin, bütün aidiyyatı orqan rəhbərlərinin, hüquq müdafiəçilərinin nəzərinə çatdırmaq üçün edirik. 12 saylı koloniyada dustaqların həyat və sağlamlıqları çox ciddi təhlükə qarşısındadır ki, təcili, təxirə salınmadan, tam, hərtərəfli və obyektiv araşdırma aparılıb qanuni tədbirlər görülməsinə zərurət var. Xahiş edirik korrupsiya, işgəncə faktlarına diqqət yetirin. 12 saylı CÇM-ə köçürülən dustaq karantində məcburi şəkildə əməyə cəlb edilir. İşləməmək üçün 300 manat rüşvət verməlisən, pulu olmayan və bu qanunsuzluğa etiraz edən məhkumlara ağır, dözülməz işgəncələr verilir. 14 günədək tək qalması nəzərdə tutulan karantində vaxtından əvvəl çıxıb baraka yerləşmək üçün 250- 300 manat rüşvət verməlisən. Yaşayış barakında aşağı yarusda çarpayıda yatmaq üçün 200 manat rüşvət verməlisən. Yaxınlarınla telefon əlaqəsi yaratmaq üçün qısa zəngə 5 manat ödəməlisən. Ancaq danışmaq üçün hər dəqiqəyə 1 manat ödəməlisən. Həftədə 1 dəfə telefonla danışmaq nəzərdə tutulsa da, rüşvət hesabına istədiyin qədər hər gün danışa bilərsən ki, bunu Rabitə Nazirliyindən 12 saylı koloniyada məhkumların danışması üçün nəzərdə tutulan telefona daxil olan və çıxan zənglərin çıxarışını yoxlamaq kifayətdir”. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Mehman Sadıqov bildirib ki, 12 saylı koloniya ciddi rejimli cəzaçəkmə müəssəsisidir. Orada dəfələrlə məhkum olunmuş və ya ilk ağır cinayət törətmiş şəxslər cəza çəkir. Onlarla işləmək kifayət qədər ağırdır və psixoloji cəhətdən peşəkar olmaq lazımdır. “Məhkumların qanunvericiliklə nəzərdə tutulan hüquqları var. Onlarin hər hansı müəssisədən şikayəti varsa, ərazi üzrə yerləşən məhkəməyə müraciət edə bilər”, - Mehman Sadıxov vurğulayıb. Geri qayıt |