Əsas Səhifə > Hadisə > PREZİDENTİN ÇIXIŞINDAN SONRA İSTEFALAR OLACAQ

PREZİDENTİN ÇIXIŞINDAN SONRA İSTEFALAR OLACAQ


14-02-2013, 13:00
PREZİDENTİN ÇIXIŞINDAN SONRA İSTEFALAR OLACAQ
BUNU ZAHİD ORUC DEYİR

“Elşad Abdullayev də həbs edilməli və cəzalandırılmalıdır”. Bu sözləri Azxeber.com-a açıqlamasında Zahid Oruc keçmiş deputat Gülər Əhmədovanın həbs edilməsinə münasibətini bildirərkən söyləyib: “Məncə burada Elşad Abdullayevin də Azərbaycana gətirilib həbs edilməsi lazımdır. O halda onun hətta qardaşının oğurlanmasında iştirak edən şəxslərin də ədalət muhakiməsində iştirak etməsi üçün zəmin yaranar. İş ondadır ki, bu məsələ uzun müddət həm mətbuatda, həm də siyasi arenada geniş müzakirəyə səbəb oldu. Burada həm hakimiyyətin həm də parlamentin nüfuzuna xələl gəldi. Təəssüf ki, burada maraqlı dairələr bu məsələ üzərindən hakimiyyətə qarşı istifadə etdilər. Digər tərəfdən sanki Elşad Abdullayev ABU-nun geri qaytarılması üçün çox məntiqsiz bir savaş aparırdı. Elşad Abdullayev də bu məsələylə bağlı həbs edilməli və cəzalandırılmalıdır”.
Millət vəkili eyni zamanda prezident İlham Əliyevin ötən gün məmurlara ünvanladığı sərt ismarıclara da münasibətini bildirib: “Bu ümumi bir çağırış deyildi. Cənab prezidentin açıqlamasında xüsusi olaraq bir neçə məmurun oğulları nəzərdə tutulurdu. Onlar uzun müddətdir ki, təmsil etdikləri qrumları bərbad vəziyyətə salıblar. Bu şəxslərin, nazirlərin adlarını cəmiyyətimiz daha yaxşı bilir. Cənab prezidentin bu ismarıcı mən inanıram ki, istefalarla nəticələnəcək və bir çoxlarına görk olacaq. Məsələ ondadır ki, bu dövr ərzində görülən quruculuq işlərinə hansısa məmur xələl gətirirsə, o zaman dövlət onlarla vidalaşmalıdır. Bu gün vəzifəsini öz doğmalarına, ətrafına xərcləyən məmurlar xeyli var və hakimiyyətin sirkələnib onları öz üzərindən atmalıdır. Bu həm həmin strukturlara yeni nəfəsin gəlməsinə, həm də insanlardakı hiddətin biraz da olsa soyumasına səbəb olacaq”.

Geri qayıt