Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB

RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB


12-02-2013, 10:57
RAMİZ MEHDİYEVLƏ BAĞLI PLAN DƏYİŞMƏYİB
PA ŞEFİNİ HİMAYƏ EDƏN QÜVVƏLƏR YEKUNDA NƏTİCƏ İLƏ BARIŞACAQLAR

DİA.AZ: - «Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev neçə müddətdir ki, üzərinə edilən hücumları dəfə etməkdədir və hələ ki PA şefinin mövqeləri kifayət qədər ciddi surətdə qorunmaqdadır». Bu sözləri DİA.AZ-a hökumət içindəki mötəbər mənbə ötürüb.

Qaynağın iddialarından belə aydın olur ki, Ramiz Mehdiyevin tərəfdaşları da ciddi şəkildə fəaliyyətdədirlər: «Həm müxalifətdəki emissarlar təlimatlandırılır, həm də iqtidar daxilində konkret cəbhələşmənin konturları əsasında fəaliyyət sürdürülür. Bu gün hakimiyyət demək olar ki, ikiyə parçalanıb və əks cinah Ramiz Mehdiyevin devrilməsi üçün birləşdiyi kimi, PA şefinin tərəfdarları, çevrəsi də bir arada müqavimət ortaya qoymaqdadır».

Mənbəmizin sözlərinə görə, Ramiz Mehdiyev yenə də ənənəvi üsullarla hərəkət edir: «Əslində, bütün bunlar rusiyalı polittexnoloqların başının altından çıxıb. Söhbət süni gərginlik ocaqlarının yaradılmasından və bu üsulla proseslərin nəzarətə alınmasından gedir. 1993-cü ildə Rusiya bu kimi üsullarla AXC iqtidarını devirdi. İndi isə Kreml eyni metodla Ramiz Mehdiyevi qorumağı qəsd edib. Amma alınmaya da bilər. Çünki qarşı tərəf də eyni texnologiyanı kifayət qədər mənimsədiyindən PA şefinin bəzi gedişləri əksər hallarda evcik-evcik oyunu təəssüratını bağışlayır. Məsələn, İlqar Məmmədovun və Tofiq Yaqublunun İsmayıllı olaylarında ittiham olunaraq həbs edilmələri bu qəbildəndir. Aydın idi ki, uzun illərdir Qərbin müxtəlif təşkilatları ilə əməkdaşlıq edən İlqar Məmmədovun həbsinə Avropadan reaksiyalar gələcək. Və bu yolla da rəsmi Bakının başı müəyyən qədər qarışmış olacaq. Bu, Mehdiyevin planlamaları idi».

Mənbəmiz onu da bildirdi ki, keçən həftə dünyasını dəyişən AMEA prezidenti Mahmud Kərimovun boş qalmış kürsüsünə Ramiz Mehdiyevin gətiriləcəyi ilə bağlı deyilənlər də əsassız deyil: «Əslində burada kifayət qədər ciddi məqamlar var. AMEA-nın İdarə Heyətinin bu günə qədər formalaşdırılmaması da həmin posta Ramiz Mehdiyevin gətiriləcəi ilə bağlı idi. İndi isə Mahmud Kərimov dünyasını dəyişib və Ramiz Mehdiyevin həmin posta göndərilməsi üçün hansısa əlavə prosedura ehtiyac qalmayıb».

Mənbəmiz bildirdi ki, bu ilin may ayına qədər Mehdiyevin görəv başında qalacağı söylənilsə də, bu proses ertələnə də bilər: «Mehdiyev və Rusiya nəyi necə etsələr də, yekunda prosesin inkişafı ilə barışmalı olacaq, həmçinin dəyişən vəziyyətdən əlavə divident ala bilmələri xəttini tutacaqlar. Artıq bu da hiss olunandır. Yaxın günlərdə bunun təzahürləri cəmiyyət üçün də görünən olacaq».


Geri qayıt