Əsas Səhifə > Siyasət, Manşet > İSA QƏMBƏR SEÇKİYƏ KİMNƏN GEDİR?

İSA QƏMBƏR SEÇKİYƏ KİMNƏN GEDİR?


12-02-2013, 10:05
İSA QƏMBƏR SEÇKİYƏ KİMNƏN GEDİR?
BİRİNCİ RAUNDDA BAŞQAN MÜXALİFƏTDƏ BİRİNCİLİYİNİ TƏSDİQLƏDİ

DİA.AZ: - Qarşıdan prezident seçkiləri gəlir və bütün tərəflər seçkilərə ciddi surətdə tədarük görməkdədir. İqtidar daxilində baş verən hadisələr göz önündədir və bu yöndə davamlı olaraq müxtəlif səpgili informasiyalar ictimailəşib. Hələ də qaranlıq qalanı müxalifət cinahıdır.

DİA.AZ bildirir ki, son günlərin hadisələri zamanı həmçinin iqtidarın müxalifət düşərgəsində əməlli-başlı qərarlaşması faktı da ortaya çıxmış oldu. Hər halda, Elşad Abdullayev tərəfindən videobombardmana məruz qalan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçmiş rektora cavab olaraq «O, elə bir təəssürat yaratmağa çalışır ki, biz sanki təkcə Müsavat Partiyasını dəstəkləyirik» kimi bir ifadə işlətməsi məsələlərin yetərincə qəlizliyindən xəbər verməkdədir.

Elə redaksiyamıza daxil olan son bu məlumatlardan da aydın olur ki, Müsavat başqanı İsa Qəmbər bu seçkilərə bir qədər fərqli üsulda getməyi planlayır və paralel olaraq media məsələsinə də önəm verməkdədir. Bu barədə DİA.AZ-a verilən xəbərə görə, ölkənin tanınmış qəzetlərindən olan «Gündəm Xəbər» artıq Müsavat başqanı İsa Qəmbərə doğru meyillənməkdədir və bu qəzet qarşıdan gələn seçkilərdə İsa Qəmbərin namizədliyini müdafiə edəcək, onun təbliğatı ilə məşğul olacaq.

Hər halda, «Yeni Müsavat» qəzeti ilə münasibətlərin incə bir nöqtədə olması səbəbindən başqanın «Gündəm Xəbər»ə nədən «stavka» etməsini təxmin etmək o qədər də çətin deyil. Artıq sözügedən qəzet redaksiyasına Müsavat Partiyasında hətta iki otağın ayrılması xəbərləri də yayılıb. Bu barədə DİA.AZ-a açıqlama verən «Gündəm Xəbər»in təsisçisi isə daha geniş danışmaq istəməsə də, qarşıdan gələn prezident seçkilərində İsa Qəmbəri dəstəkləyə biləcəklərini istisna etmədi.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, Müsavat başqanının «kölgə kabineti» kimi təqdim olunan siyahının dərci də əslində İsa Qəmbərin təbliğatının tərkib hissəsidir. Bu yolla İsa Qəmbərin birinciliyinin və bu gün bu birinciliyin qarşısında dayanan yeganə maneə kimi görünən AXCP sədri Əli Kərimlinin ikinciliyinin bir növ alt şüura yeridilməsi siyasətinin yürüdüldüyünü bildirən mənbəmiz qeyd etdi ki, artıq təbliğat işində İsa Qəmbər müxalifətdəki opponentlərini xeyli geridə qoya bilib: «İndi isə başqan seçkidəki rəqibləri ilə döyüşə hazırlaşmalıdır və bunun üçün populyar KİV-lərin Müsavatın bayrağı altına cəmləşdirilməsi daha çox gözlənilir».

Geri qayıt