Əsas Səhifə > Gündəm, Manşet > XRİSTİAN TƏRİQƏT NEFT ŞİRKƏTİNDƏN NƏ İSTƏYİR?

XRİSTİAN TƏRİQƏT NEFT ŞİRKƏTİNDƏN NƏ İSTƏYİR?


12-02-2013, 10:04
XRİSTİAN TƏRİQƏT NEFT ŞİRKƏTİNDƏN NƏ İSTƏYİR?
“MƏDİH KİLSƏSİ” YARANMIŞ PROBLEMİ MƏHKƏMƏDƏ HƏLL ETMƏK İSTƏYİR

DİA.AZ: - “Mədh kilsəsi” dini icmasının (yeni adı “Həyat sözü” xristian dini icması) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneftyağ” Neft Emalı Zavoduna qarşı məhkəmə iddiasına Ali Məhkəmədə baxılacaq. DİA.AZ-a daxil olan məlumata görə, proses fevralı 13-nə təyin olunub.

Qeyd edək ki, dini icma əmlakın bazar dəyərinin ödənilməsi və kompensasiyanın alınması tələbi ilə əvvəlcə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən “Mədh Kilsəsi” dini icması “Azərneftyağ” Neft Emalı Zavoduna məxsus ərazidə (Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6) 28 sot yer icarəyə götürüb. Lakin sonradan 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin ərazinin 9 sotunun dini icmadan alınması barədə qərar çıxarıb. Həmin 9 sot ərazidə birmərtəbəli bina da olub. Dini icmanın nümayəndələri həmin 5-6 otaqdan ibarət binada məskunlaşıb. Otaqlardan biri iri zal olub. Orada dini icmanın tədbirləri keçirilib, dualar oxunub. Digər otaqlar da müxtəlif məqsədlər üçün istifadə olunub. Məhkəmə qərarı icra olunduqdan sonra dini icmaya məxsus əşyalar binadan çıxarılıb.

“Mədh Kilsəsi” dini icması 1999-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi, 2002-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb.

Geri qayıt