Əsas Səhifə > Hadisə, Manşet > BAYILDA ƏHALİYƏ ZÜLÜM VERİLİR

BAYILDA ƏHALİYƏ ZÜLÜM VERİLİR


22-11-2011, 14:16
BAYILDA ƏHALİYƏ ZÜLÜM VERİLİR

«EVLƏRİ PLANA DÜŞƏNLƏR CANLARINI QURTARDI, BƏS BİZ?»

DİA.AZ: - Redaksiyamıza bir qrup Bayıl sakini adından şikayət daxil olub. Şikayət məktubunda yaşadıqları ərazidə əməlli-başlı zülüm çəkdiklərini bildirən vətəndaşlar inşaat işlərindən narazı qaldıqlarını diqqətə çatdırırlar:

«Bayılın müəyyən hissəsi plana düşəndən nə gecəmiz var, nə də gündüzümüz. Elə bil tikinti meydançasında yaşayırıq. Udduğumuz hava da toz-torpaqdır. Yağış yağanda sevinirik ki, bir balaca hava uda biləcəyik. İnşaat işlərini həyata keçirən şirkətlərin yük maşınları isə gecəli-gündüzlü işlədiklərindən səs-küydən yata da bilmirik. Yatmağımız bir yana, həyətdə saxladığımız maşınların əzilməsi əndişəsi də bizim yuxumuzu ərşə çəkib. Artıq 9 vətəndaşın şəxsi maşını həmin inşaat firmasının yük maşınları tərəfindən əzilsə də, heç bir kompensasiya ödənilmir. Neçə nəfər artıq məhkəməyə müraciət edib».

Daha sonra sakinlər bildirirlər ki, inşaat işləri ilə əlaqədar olaraq qəsəbənin yolları, qəsəbəyə giriş-çıxış yolları da davamlı olaraq bağlanılır: «Hər gün Bayılın içində tıxac var. Uşaqlarımızın yola çıxması da bizi narahat edir. Hətta 11-ci sinifdə oxuyan övladlarımızı da özümüz məktəbə aparıb-cgtiririk. Çünki yükü boşalmış yük maşınları Bayılın içində az qala avtoşluq edirlər. Kimsə də şikayətimizi eşitmir».

Əsas dərdlərinin Bayılda suyun, elektrikin və qazın verilməsində fasilələrin yaranması olduğunu bildirən sakinlərin sözlərinə görə, bəzi ərazilərə hətta iki gün ərzində su verilməsində problemlər yarandı: «Şikayət edəndə deyirlər ki, bu prezidentin tədbiridir, hamı «Avroviziya» yarışmasına hazırlaşır. İndi bu yarışma var deyənə, bizi öldürməlidirlər? Evləri plana düşənlər canlarını qurtardı, bəs biz? Əgər belədirsə, bütün Bayılın camaatını köçürsünlər, biz də işimizi bilək. Daha belə yaşamaqdan yorulmuşuq».

Sakinlər bildirir ki, artıq bu barədə Bakı meriyasını da xəbərdar ediblər: «Əgər bu vəziyyətə son qoyulmazsa, biz meriyaya yürüş edəcəyik».


Geri qayıt