Əsas Səhifə > Gündəm, Manşet > «ZƏNGİNLƏRİN BİNASI» DA ÇÖKMƏ TƏHLÜKƏSİ YAŞAYIR

«ZƏNGİNLƏRİN BİNASI» DA ÇÖKMƏ TƏHLÜKƏSİ YAŞAYIR


6-02-2013, 09:01
«ZƏNGİNLƏRİN BİNASI» DA ÇÖKMƏ TƏHLÜKƏSİ YAŞAYIR
İSTİQLALİYYƏT 5 KÜÇƏSİNİN SAKİNLƏRİ ŞÜBHƏLİ ŞƏXSDƏN DƏ NARAHATDIR

DİA.AZ: - Hər kəsin «zənginlər binası» kimi tanıdığı, sovet dövründə «NK-nın binaları» kimi tanınan İstiqlaliyyət 5 ünvanındakı evlərin sakinləri də şikayətçi düşüblər. Bildirək ki, Prezident Administrasiyasının yaxınlığında, «Yaşıl Teatr»la üzbəüz yerləşən bu bina və qonşuluqdakı bina bir müddət əvvəl yeni daş örtüklə üzlənmişdi və hazırda şəhərin bir çox yerindən görünən bu bina gecələr işıqlandırılmaqdadır.

DİA.AZ-a müraciət edən sakinlər isə yazır ki, əslində bütün təmir işləri kosmetik olaraq həyata keçirildiyindən bu gün həmin binalardan birinin - İstiqlaliyyət küçəsi 5 ünvaındakı binanın çökmə təhlükəsi belə yaranıb. Bu barədə sakinlər yazır:

«Binanın başdansovdu təmir olunması ilk günündən aydın idi. Təsəvvür edin, binaya eyvanlar artıranda, eyvana evlərdən çıxış qoymaq üçün hər kəsdən pul tələb etdilər. Yalnız səs-küy salanlar, etiraz edənlər pul vermədilər. Yəni bu şəkildə başlanan işin axırı da belə olmalı idi.

İndi isə yeganə marağı pul yığmaq olan həmin təmirçilərin gördüyü iş bütöv binanın taleyini sual altına qoyub. Daş örtüyün ağırlığı bir yandan, həm də binanın damından bütün yağış sularının divarlarla daş üzlüklərin arasına dolması son nəticədə evlərin divarlarının sıradan çıxmasına, bütün binada nəmişliyin yaranmasına səbəb olub».

Sakinlər bildirir ki, aidiyyatı qurumlara şikayət etsələr də, kimsə problemin həllinə maraq göstərmir: «Bu da bir yana. Binanın liftini də tez-tez sıradan çıxarırlar. Biz burada kimin hansı marağı güddüyünü bilmirik. Ola bilsin ki, kimlərsə binada qalan tək-tük sıravi vətəndaşı bu yolla bezdirib binadan qaçaq salmaq istəyir».

Sakinlər maraqlı bir faktı da açıqladılar. Sən demə, Prezident Administrasiyası kimi strateji bir ünvanın yaxınlığında yerləşən həmin binada bir çox evləri əslən Dağıstandan olan Maqomed adlı şəxs satın alıb: «Onun kimliyi barədə əksəriyyətin çox az bilgiləri var. Olduqca şübhəli adamdır. Bütöv evləri satın alıb. Eyni zamanda qarajı və həyətdə olan artırmanın da Maqomed tərəfindən satın alındığı məlumdur. Bu adam hansı niyyətə qulluq edir, bilmirik. Hər halda, belə bir qarışıq dönəmdə dövlətin müvafiq qurumlarının həm binanın taleyinə və həm də bu kimi şübhəli faktlara diqqət ayırması doğru olardı».

Geri qayıt