Əsas Səhifə > Hadisə, Manşet > CƏLİLABADDA DA MÜƏLLİMLƏR ETİRAZA QALXDILAR

CƏLİLABADDA DA MÜƏLLİMLƏR ETİRAZA QALXDILAR


4-02-2013, 13:39
CƏLİLABADDA DA MÜƏLLİMLƏR ETİRAZA QALXDILAR
TƏHSİL İŞÇİLƏRİ MAAŞDAN ŞİKAYƏT EDİR

DİA.AZ: - İsmayıllıda baş verən hadisələrin səs-küyü yatmamış daha bir rayonda etiraz aksiyaları baş qaldıra bilər. Bu barədə Cəlilabaddan daxil olan məlumatlarda bildirilir ki, rayonün 100-dən artıq müəllimi bu günlərdə əməkhaqqılarının aşağı olmasından gileylənərək yerli təhsil idarəsinin müdirinə etirazlarını çatdırıblar.

DİA.AZ-a Cəlilabaddan verilən xəbərdə o da bildirilir ki, müəllimlər əməkhaqqılarının qaldırılmasını bir sosial tələb kimi qaldırıblar və artıq yerli icra strukturlarının da bu barədə məlumatları var: «Artıq icra başçısı Əziz Əzizov məsələdən xəbərdardır və Bakı ilə danışıqlar apardığını, maaşlarının artırılmasının yerli rayon səviyyəsində olan bir məsələ olmadığını müəllimlərə deyib. Amma yenə də başçı vəd verib ki, müəllimlərin etirazlarını rəhbər orqanlara çatdıracaq».

Məlumatı verən mənbə iddia edir ki, amma bununla kifayətlənmək istəməyən müəllimlər həm Cəlilabadda və həm də Bakıda etiraz aksiyaları təşkil etmək fikrindədirlər: «Müəllimlər deyirlər ki, qarşıdan prezident seçkiləri gəlir və yenə də onlardan seçkilərdə «saxtalaşdırma maşını» kimi istifadə edəcəklər. Amma buna baxmayaraq, müəllimlərin maaşlarının artırılması barədə düşünən yoxdur».

Onu da bildirək ki, müəllimlər ilk etiraz aksiyaları Cəlilabada bu həftənin cümə gününə təyin ediblər.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt