Əsas Səhifə > Partiya > KEÇMİŞ SİYASİ MƏHBUS DANIŞDI
KEÇMİŞ SİYASİ MƏHBUS DANIŞDI22-11-2011, 11:03 |
“TAM ƏMİNLİKLƏ DEYƏ BİLƏRƏM Kİ, İSLAMÇILAR SİYASİ MƏHBUSDUR” 1992-1993-cü illərdə Daxili Qoşunların komandanı olmuş sabiq siyasi məhbus Fəhmin Hacıyev “Media forum” saytına məktub göndərib. Hazırda Ukraynada yaşayan Fəhmin Hacıyevin məktubunda deyilir: “Son günlər siyasi məhbus mövzusunda diskussiyalar gedir. Çox təəssüf ki, bu məsələdə hüquq müdafiə təşkilatları arasında fikir ayrılığı var. Bir neçə hüquq müdafiə təşkilatı islamçıları siyasi məhbus və ya vicdan məhbusu kimi tanımağa maraq göstərmir. Keçmiş siyasi məhbus və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti udmuş şəxs kimi tam əminliklə deyə bilərəm ki, islamçılar siyasi məhbusdur. Onların həbsinə əqidə azadlığı tələb etmələri səbəb olub. İstintaq və məhkəmə orqanlarının mahiyyətini, iş prinsiplərini yaxşı bildiyim üçün verilən ittihamlarda nələrin yazıldığı mənə o qədər də maraqlı deyil. Mətbuatdan aldığım məlumatlar mənə əsas verir ki, islamçıların siyasi məhbus olduğuna inanım. Azərbaycanın da imza atdığı beynəlxalq konvensiyaların tələblərinə görə, hər kəsin işi azad və ədalətli məhkəmələrdə araşdırılmalı və hökmlər ədalətli olmalıdır. Amma göründüyü kimi, bəzi hüquq müdafiə təşkilatları özlərinin mənsub olduqları siyasi düşərgəyə yaxın insanların müdafiə olunmasına daha çox üstünlük verir. Əfsuslar”. “Media forum” saytı bildirir ki, 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 36 ictimai-siyasi fəalın 16-sı islamçı kəsimi təmsil edir: ruhani Azər Cəbiyev - 2 il 6 ay; ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay; ruhani Fəxri İlyasov - 3 il 6 ay; ruhani İlqar Musayev - 3 il; Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il; AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay; AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il; Ruhani Fəramiz Abbasov - 11 il; Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il; Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il; hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay; hicab məhbusu - Nurani Məmmədov - 2 il; hicab məhbusu - Rüfət Miriyev - 2 il. Hicab məhbusları - Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov - 1 il 6 ay. İslamçı kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırıb. Geri qayıt |