Əsas Səhifə > Siyasət, Manşet > NEFTÇALANIN İCRA BAŞÇISI ÜSYANI NECƏ ÖNLƏDİ?

NEFTÇALANIN İCRA BAŞÇISI ÜSYANI NECƏ ÖNLƏDİ?


31-01-2013, 10:47
NEFTÇALANIN İCRA BAŞÇISI ÜSYANI NECƏ ÖNLƏDİ?
İSMAYIL VƏLİYEV DÜNƏNƏ QƏDƏR HEÇ SAYDIĞI SAHİBKARLARA NƏ DEYİB?

DİA.AZ: - İsmayıllıda baş verən məlum hadisələrin ardından digər rayon rəhbərlərinin də təlaş keçirməsi bir faktdır. Elə bu gün artıq özünü rahatlamış kimi aparan Neftçalanın icra başçısı İsmayıl Vəliyevin davranışları da belə deməyə əsas yaradır. Hər halda, hesabat vermə vaxtında İsmayıl Vəliyevə 2013-cü ilin ikinci əsas hədəfi kimi qabarmaq, bu səbəbdən də hakimiyyətin üst dairələrini yenidən qayğıya boğmaq heç də arzuolunan deyildi.

Elə buna görə də İsmayıl Vəliyevin il kişi məhz üsyan simptomlarını aradan qaldırmaq oldu. Amma buna kifayət qədər zəmin var idi. Söhbət bir neçə gün əvvəl, daha dəqiqi yanvarın 28-də səhər saat 04 radələrində Neftçalada rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Rüstəm Tahirovun AZ 10 TM 801 dövlət nömrə nişanlı «Toyota Prado» avtomobili yandırılması faktından gedir.

Doğrudur, bu barədə mətbuata danışan Rüstəm Tahirov maşınının məhz özünün səhlənkarlığı tərəfindən alovlandığını bildirir. Amma gecə saat 4 radələrində hansı səhlənkarlıqdan söhbət gedə bilər - möhtərəm baş memar buna heç də aydınlıq gətirmədi.

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, əslində Rüstəm Tahirovun maşını həqiqətən də narazı sahibkarlar tərəfindən yandırılıb. Sadəcə olaraq, indiki məqamda belə bir faktın ictimailəşməsi yerli və üst rəhbərlik üçün arzuolunan olmadığından məsələnin ictimailəşməsinin qarşısı alınıb.

Bunlar bir yana, İsmayıl Vəliyev ertəsi günü sahibkarları başına toplamağı da unutmayıb. Yenə də ortaya sual çıxır: Əgər həqiqətən də Neftçala sahibkarları narazı deyildilərsə, nədən İsmayıl Vəliyev onlarla görüşmə zərurəti hiss etdi? Yəni od olmayan yerdə, kiminsə maşını atəşə verilməz…

Neftçaladakı qaynaqlarımız redaksiyamıza bildirirlər ki, əslində icra başçısının sahibkarlarla görüşü heç də onun təşəbbüsü ilə olmayıb: «Çünki yeril sahibkarlar buna qədər İsmayıl Vəliyevin qəbuluna düşmək üçün dəfələrlə səylər göstəriblər. Amma alınmayıb. Nəhayətdə məlum İsmayıllı olayları baş verdi və memarın maşınının yandırılması faktı da icra başçısını hərəkətə keçmə məcburiyyətində qoydu».

Mənbəmiz bildirir ki, İsmayıl Vəliyevin durumu heç indinin özündə də ürəkaçan deyil: «Çünki sahibkarlara görüşdə yalnız vəd verilib. Onların köçürülməsi prosesi heç də qarşılıqlı anlaşma şəraitində həyata keçirilmir. Hətta görüşdə cəsarətlənib icra başçısına hər ay verilən aylığın aqibətini soruşan da olub. Yəni görüş heç də İsmayıl Vəliyevin diqtəsi ilə mətbuata ötürülən şəkildə cərəyan etməyib».

Yəni mənbəmiz bildirir ki, Neftçalada heç də sular sakit axmır və hər an atəşə verilmiş maşının istisinin ətrafına yığışanlar tapıla bilər.

Geri qayıt