Əsas Səhifə > Cəmiyyət > SABUNÇU RAYONUNDA BAŞÇI PROBLEMİ

SABUNÇU RAYONUNDA BAŞÇI PROBLEMİ


30-01-2013, 13:00
SABUNÇU RAYONUNDA BAŞÇI PROBLEMİ
SAKİNLƏR ŞİKAYƏT ETMƏYƏ YER TAPMIR

300 mindən artiq insanın yaşadığı Sabunçu, icra başçısının, hətta Tanrının da yadından çıxıb. Beləki, fəsildən asılı olmayaraq göydən yerə bir damcı su enən kimi bu qəsəbədə yaşayanların gün-güzəranı daha da ağırlaşır. İndi sakinlərin nə dərdlərini dinləyən var, nə də kömək üçün müraciət etdikləri bir qurum qalıb.Sakinlər həm qazdan, kanalizasiya və yolların bərbad olmasından şikayətçidirlər, həm də işsizlikdən əziyyət çəkirlər. Qəsəbədə qışda palçıqdan, yayda isə üfunətdən yaşamaq mümkün deyil. Dünən qəsəbədə təsadüfən qonaq olduq. Yaşayış məntəqəsinin mərkəzində az da olsa səliqə-sahman müşahidə edilirdi. Amma mərkəzdən 200 metr aralandıqda tamam başqa aləmə düşürsən. Elə bil ki, bura heç Bakının bir addımlığında yerləşən qəsəbə deyil. Burda palçıq və zibil əlindən tərpənmək mümkün deyil. Kanalizasiya olmadığından məişət suları birbaşa yola axıdılır. Ərazidə mazutlu gölməçələr çoxluq təşkil etdiyindən hava neft qoxuyur.
Söhbətləşdiyimiz Həsən kişi bildirdi ki, payız gələndən onların günü gün deyil: “Əksər evlərin yanından neftli su axır. Palçıq əlindən tərpənmək olmur. Qazdan isə danışmağa dəyməz. İşıqlar tez-tez sönür. Burada əhalinin halına yanan yoxdur”.
Söhbətləşdiyimiz sakinlərin sözlərinə görə, qəsəbənin ən təhlükəli yeri Sabunçu dəmir yolu vağzalıdır. Burada antisanitariya, özbaşınalıq, çirkab suların küçələrə axıdılması, bir sözlə, məmur harınlığı göz deşir. Ancaq daha bir biabırçı fakt vağzalda oğurluq hadisələri ilə bağlıdır. Oğurluq həyət evlərində də geniş yayılıb.
İnsanların dediyinə görə, oğurluq hadisələri əsasən axşam saatlarında baş verir.
Qəsəbənin başqa bir böyük problemi yolların bərbad durumda olmasındadır: “Küçələr palçıqlı olduğundan məktəblilər dərsə gedə bilmir. Dəfələrlə aidiyyəti orqanlara müraciət edilsə də, bunun heç bir xeyri olmayıb. Azacıq yağış yağan kimi gölməçələr əmələ gəlir. Marşrut sürücüləri isə həmin ərazidən keçmirlər”.
Avtobus sürücüləri qış aylarında marşrut trayektoriyasını dəyişir, qəsəbənin içəri məhəllələrinə getmirlər. Sakinlər də bu çətinliklərə qatlaşıb avtobusların təyin etdikləri dayanacaqlara qədər piyada getməyə məcbur olurlar. Qəsəbə sakinləri bizimlə söhbətlərində bildirdilər ki, qışda kanalizasiya xətləri tez-tez sıradan çıxır: “Bütün çirkab suları qəsəbənin yollarına, evlərə, həyətlərə axır. Ona görə də qəsəbədə rütubətlik çoxdur. Uşaqlar bu çirkabın içində Allahın ümidinə qalıb. Tez-tez xəstələnirlər. Dərmanlara da pul çatdırmaq olmur”.
Burada qaz problemi də həllini tapmayıb. Havalar soyuyanda əksər ərazilərə mavi yanacaq verilmir. Camaat odun sobasından istifadə edib evlərini qızdırır. Az öncə sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinə mavi yanacaqla bağlı müraciət ediblər. Ancaq faydası olmayıb.
Qəsəbədə olarkən maraqlı mənzərə ilə də üzləşdik. Sən demə, dəmir yolu vağzalından aşağıda yerləşən xeyli sayda qanunsuz tikililərin sökülməsi nəzərdə tutulub. Hətta ARDNŞ qərarı ilə bir neçə ev buldozerlə dağıdılıb. Sakinlər dedilər ki, bu evlərin əksəriyyəti ARDNŞ-in balansındadır: “Amma bununla belə, hökumət bu binaları uçurmaq istəyir. Kompensasiya məsələsini dilə gətirən yoxdur. Bir onu deyirlər ki, sökəcəyik. Bir sözlə, hökumət bizə neft qoxuyan bu ərazidə yaşamağımıza da imkan vermir”.
Həqiqətən də qəsəbədə elə vəziyyət yaranıb ki, burada normal yaşayışdan danışmağa dəyməz. Üstəlik, burada əksər evlər sənədsizdir. Ölkə başçısı həmin evlərin sənədləşdirilməsi barədə göstəriş versə də, bunu icra edən yoxdur. Bu məsələ ilə bağlı İcra Başçısı Adil Hseynovala əlaqə yaratmaq istəsək də onun müavinləri sərişdəsi sayəsində bu baş tutmadı. Elə bil bu inzibati bina mavinlərin atalarından miras qalıb.
Mövzuya qayıdacağıq.

Geri qayıt