Əsas Səhifə > Cəmiyyət > RAFİQ TAĞININ “ORTAĞI” DANIŞDI

RAFİQ TAĞININ “ORTAĞI” DANIŞDI


21-11-2011, 15:58
RAFİQ TAĞININ “ORTAĞI” DANIŞDI

“KONKRET OLARAQ ÖZÜMƏ QARŞI TƏHLÜKƏ HİSS ETMƏMİŞƏM”

“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu noyabrın 21-də “Media forum” saytına açıqlama verib. O deyib ki, yazıçı Rafiq Tağıya kimin sui-qəsd edə biləcəyi haqda versiyası yoxdur: “Rafiq Tağı elə bir insandır ki, yazıları həmişə polemikaya səbəb olur. O, elə bir imkanlı adam deyil ki, deyək qarət etmək istəyiblər. Hər halda, mənim fikrimcə, yazılarına görə öldürmək istəyiblər. Amma bunu kim edə biləcəyini söyləmək mənim üçün çox çətindir”.

Rafiq Tağı və Samir Sədaqətoğlu 2006-cı ildə “Sənət qəzeti”ndə çap olunmuş “Avropa və biz” məqaləsinə görə tutulublar və azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli biliniblər. Hər iki şəxs prezident İlham Əliyevin 2007-ci il dekabrın 28-də imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Noyabrın 21-də “Media forum” saytına danışan Samir Sədaqətoğlu deyib ki, Rafiq Tağıya qarşı sui-qəsd xəbəri onu narahat edib: “Bu hadisə artıq ciddi bir siqnaldır. Konkret olaraq özümə qarşı təhlükə hiss etməmişəm. Amma həmişə düşünmüşəm ki, mənim təhlükəsizliyimi dövlət qoruyur”.

Rafiq Tağı noyabrın 19-u axşam saatlarında Bakıda bıçaqlanıb. Olayı Nəsimi Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş araşdırır.


Geri qayıt