Əsas Səhifə > Gündəm, Manşet > İSMAYILLIDA NƏDƏN QAZ BOMBALARINA İCAZƏ VERİLİB?

İSMAYILLIDA NƏDƏN QAZ BOMBALARINA İCAZƏ VERİLİB?


25-01-2013, 08:58
İSMAYILLIDA NƏDƏN QAZ BOMBALARINA İCAZƏ VERİLİB?
QUBANIN KEÇMİŞ İCRA BAŞÇISI İSƏ QUBALILARI O ZAMAN QORUMUŞDU

DİA.AZ: - İsmayıllı iki gündür ki, ağır toqquşmaların meydanına çevrilib. Rayondan DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, təxminən 400-ə yaxın rayon sakini həbs olunub və bu sayın daha da böyümə ehtimalı var. Bildirilənə görə, aksiyalarda ən az halda 1000, ən çox halda isə 3500-ə yaxın rayon sakini iştirak etməkdədir.

Rayondakı əməkdaşımızın verdiyi xəbərə görə, dünən gecə saatlarına qədər davam edən toqquşmalar nəticəsində xeyli sayda yaralanan var: «Ölüm xəbərləri də dolaşır. Amma hələlik bu barədə heç bir dəqiqləşdirmə apara bilmirik. Artıq xəstəxana həkimləri də danışmağa ehtiyat edirlər. Çünki yaralı halda xəstəxanaya aparılan iki rayon sakininin dünyasını dəyişdiyi deyilir. Həbs olunanların kimlikləri açıqlanmadığından heç bir məlumatı dəqiqləşdirmək olmur».

DİA.AZ bildirir ki, yaralananların əksəriyyəti məhz qaz bombalarının atılması nəticəsində xəsarət alanlardır. Onlar boğulma diaqnozu ilə xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, anoloji hadisələr keçən ilin mart ayının 1-2-si tarixlərində Quba rayonunda da baş vermişdi. Və həmin ərəfədə yayılan söhbətlərdən aydın olurdu ki, devrilmiş icra başçısı Rauf Həbibov sakinlərə qarşı rezin güllələrdən və qaz bombalarından istifadə olunmasına etiraz edib və buna imkan verməyib.

Amma Rauf Həbibovdan fərqli olaraq istefası tələb olunan Nizami Ələkbərov bu gün hələ də rəhbəri olduğu rayonun sakinlərinin etiraz səsinin «sayları 100-dən artıq deyil» deyərək rezin güllələrlə və qaz bombaları ilə boğmaqdadır. Bu halın uzun müddətə davam etməsi isə istənilən şəraitdə Nizami Ələkbərovun İsmayıllıdhakı hakimiyyətinin uzun ömürlü olmayacağını şərtləşdirən əsas məqamdır. Çünki artıq İsmayıllı sakinləri «Nizami Ələkbərovun əli ismayıllıların qanına batıb» deyərək, istefa tələblərini daha da israrlı şəkildə irəli sürməkdədirlər.

Geri qayıt