Əsas Səhifə > Ölkə, Manşet > İSMAYILLIDA "İSTEFA" TƏLƏBLƏRİ SƏNGİMİR
İSMAYILLIDA "İSTEFA" TƏLƏBLƏRİ SƏNGİMİR24-01-2013, 12:07 |
XALQ NARAZILIĞI DAVAM EDİR Turan-ın müxbirinin İsmayıllı rayon mərkəzindən verdiyi məlumata görə, yanvarın 24-də saat 10:00-a yaxın rayonda vəziyyət sabit olub. Sonradan bir neçə yüz yerli sakin yenidən toplaşaraq İcra Hakimiyyətinin binasını əhatəyə alıb. Onlar icra başçısının istefasını tələb edirlər. Hüquq-mühafizə qüvvələri buna yol verməmək üçün tədbirlər görür və mitinqçiləri sıxışdırır. Saat 10:30-da polis onlardan dağılışmağı tələb etsə də adamlar “İstefa!” şüarını səsləndirərək polisi daşa basıblar. Hələ ki küçələrdə adam azdır və rayon mərkəzi fövqəladə vəziyyətin tətbiq olunduğu yeri xatırladır: küçələrdə DİN-in çevik polis alayı, digər qurumların xüsusi bölmələri, mitinqçiləri dağıtmaq üçün texnika yerləşdirilib. Yerli sakinlər bildirirlər ki, iğtişaşlara əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu ilə baş vermiş insident səbəb olub. Dünən axşamdan keçmiş “Hammer“ avtomobilində Çıraq” otelindən çıxarkən yerli taksi sürücüsünün maşınını vurub. Sürücülər arasındakı mübahisə taksi sürücüsünə köməyə gələn yerli sakinlərin iştirakı ilə davaya çevrilib. “Hammer”in döyülmüş sürücüsü xəstəxanaya aparılıb. Lakin DİN və Baş Prokurorluğun məlumatına görə, avtoxuliqanlığı “Çıraq” otelinin sərxoş sahibi – Emil Şəmsəddinov və yerli sakin Elməddin Məmmədov törədiblər ki, onlar da saxlanılıblar. Sonra kortəbii nümayiş başlayıb. Müxtəlif hesablamalara görə, nümayişdə 2 mindən 4 minədək adam iştirak edib. Nümayişçilər Ələkbərovlar ailəsinə məxsus “Çıraq” otelini yandırıblar. Onlar həmçinin İcra Hakimiyyətinin başçısı, əmək və əhalinin sosial müdafiəsi nazirinin qardaşı Nazim Ələkbərovun evini yandırmaq istəyiblər. Lakin yerli ağsaqqallar bunu etməmək üçün hiddətlənmiş adamları dilə tutublar. Ələkbərovun villasının mühafizə yeri yandırılıb. Aksiya zamanı icra başçısının istefası tələb olunub. Nümayişçilər gecə saat üçə yaxın dağılışıblar. Sakinlərdən biri Turan-a bildirib ki, onlar rayonda repressiv rejim yaratmış Nazim Ələkbərovun istefasına nail olacaqlar. Oliqarx-nazirlərin əkin sahələrini, otlaqları zəbt etməsi yerli sakinlərin qəzəbinə səbəb olur. Kəndlərdə sakinlərin hərəkətinə məhdudiyyətlər qoyulub, onlara meşələrdən istifadə etmək qadağan olunub, bəzi kəndlərdə postlar qoyulub ki, giriş-çıxış zamanı pasportlar yoxlanılır. İsmayıllı qonşu Qəbələ, Oğuz rayonları ilə yanaşı mənzərəli dağətəyi zonasına daxildir. Bu rayonlarda da öz hökmranlıqlarını genişləndirən və yerli sakinləri sıxışdıran məmurların aqressiv fəallığı hökm sürür. Başqa regionlarda olduğu kimi, bu zonada da sosial təbəqələşmə təhlükəli həddə çatıb. Ötən il Quba rayonunda da bu cür etiraz aksiyası baş vermişdi. Mart ayında yerli sakinlər icra başçısının istefası tələbilə onun bir sıra obyektlərini yandırıblar. Sonradan hakimiyyət nümayiş iştirakçıları arasında həbslər aparıb. İsmayıllı sakinlərinin sosial gərginliyin yaşanması bir ay deyil. Hələ ötən ilin mayında İvanovka kəndindən bir qrup sakin Prezident Administrasiyasına gələrək icra başçısı Nazim Ələkbərovun onları sıxışdırdığını bildirib. Sakinlər onu pul yığmaqda, torpaqları zəbt etməkdə ittiham ediblər. Münaqişə ört-basdır edilib, sakinlərin müdafiə olunacağı vəd edilib və onlar da artıq şikayət etməyiblər. Yerli sakinlərin jurnalistlərə öz adlarını deməkdən çəkinmələri də İsmayıllıda repressiv atmosferdən xəbər verir. Buna baxmayaraq, adamlar deyirlər ki, icra başçısının istefasına nail olacaqlar. “İşsızlik, yoxsulluq, vergi, qorxu atmosferi canımızı boğazımıza yığıb”, - sakinlərdən biri şikayətlənib. Hələlik rayonda araşdırma aparılır, İsmayıllıya Bakıdan komissiya gəlib. Davos İqtisadi Forumunda olan prezident İlham Əliyevin hansı tədbiri görəcəyi hələlik məlum deyil. İki həftə əvvəl o, məzuniyyətini yarımçıq qoyaraq Bakıya dönmüşdü. Belə ki, yanvarın 12-də Bakıda mindən çox gənc əsgər Qubadovun orduda ölümünə etiraz olaraq nümayiş keçirmişdi. NARAZI XALQ DANIŞIR - VİDEO BURADA Geri qayıt |