Əsas Səhifə > Ölkə > KİMLƏR "ORQAN ALVERİ" İLƏ MƏŞĞUL OLA BİLƏR?
KİMLƏR "ORQAN ALVERİ" İLƏ MƏŞĞUL OLA BİLƏR?18-11-2011, 16:26 |
NK BUNUN ŞƏRTLƏRİNİ AÇIQLADI Azərbaycan Nazirlər Kabineti insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, baş nazir Artur Rasizadənin imzaladığı «İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri»nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alğı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir. Nazirlər Kabinetinin təsdiq etdiyi «İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı»na görə aşağıdakı tibb müəssisələri transplantasiyaları həyata keçirə bilərlər: • M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası - böyrəklər; • Mərkəzi Gömrük Hospitalı - qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası; • Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi - gözün buynuz qişası; • Mərkəzi Neftçilər Xəstəxanası - qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası. "Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları"na görə isə şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar. "İnsan orqan və ya toxumalarının transplantasiyasının zəruriliyi barədə tibbi qərarın qəbul edilməsi Qaydası"nda resipiyentə tibbi baxış keçirilməsi üçün zəruri sənədlər, onların qeydiyyatı prosedurları əksini tapıb. Geri qayıt |