Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDAN AVROPAYA DAHA BİR ŞİKAYƏT

AZƏRBAYCANDAN AVROPAYA DAHA BİR ŞİKAYƏT


21-01-2013, 08:41
AZƏRBAYCANDAN AVROPAYA DAHA BİR ŞİKAYƏT
BU DƏFƏ QƏRBİ DÜŞMƏN ELAN EDƏN İRANÇININ VƏKİLİ ŞİKAYƏTÇİ DÜŞÜB

DİA.AZ: - Həbsxanada saxlanılan İslam Partiyasının sədri Mövsüm Səmədovun fransalı vəkili Andre Sami rəsmi Bakıya qarşı bir sıra ittihamlar səsləndirib. Bu barədə “AranNews” portalı məlumat yayıb.

DİA.AZ olaraq həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: “Azərbaycan Respublikasında həbs edilmiş islamçıların fransalı vəkili Andre Çami bildirib: "Təəssüf olsun ki, indiyə kimi Azərbaycan dövlətinin beynəlxalq insan hüquqları öhdəliklərinə faktiki riayət etməsi barədə heç bir sübut yoxdur".

O artırıb: "Çox təəssüflə bildirim ki, Bakı həbsxanasının məsullarının diqqətsizliyi üzündən müvəkkilim Azərbaycan İslam Partiyasının fədakar rəhbəri hacı Mövsüm Səmədovun ürək xəstəliyinə tutulması və Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülməsi barədə məlumat almışam".

Vəkil xatırladıb: "Səmədovun öz beynəlxalq vəkili ilə görüşə bilməsinə icazə verilməməsi Azərbaycanın beynəlxalq məhkəmə qanunlarını pozmasının aşkar sübutudur. Mən öz vəzifəmə uyğun olaraq bu məsələni Strasburqda İnsan Hüquqları Məhkəməsinə çatdıracağam".

Cənab Andre Çami doktor Səmədovun fiziki durumunun bu həddə çatmasında Azərbaycan hökumətini təqsirləndirərək deyib: "Müvəkkilimin sağlamlıq durumu çox ağır və böhranlıdır. Azərbaycan hökuməti onun sağlamlığı barədə həddindən artıq səhlənkarlıq etmişdir".
Fransalı vəkil doktor Səmədovun müalicə alması üçün Parisə köçürülməsində israrlı olduğunu bildirərək vurğulayıb: "Avropa Birliyinin və Avropa İnsan Hüququları Məhkəməsinin bir sıra nümayəndələri Bakıya səfərləri, məhbusların ailələri ilə görüşləri və öz müşahidələri barədəki hesabatlarını hüquqi sənədlərlə birlikdə təqdim edəcəklər. Mən Azərbaycan dövlətindən və bu ölkənin Fransadakı səfirliyindən istəyirəm ki, doktor Səmədovun müalicə alması məqsədilə Parisə göndərilməsi üçün lazımı tədbirləri həyata keçirsinlər. Səmədovun müalicəsi gərək buranın həkimlərinin nəzarəti altında olsun".

Andre Çami qəti surətdə bildirib: "Mənim müvəkkilimin sağlamlığının və canının qorunmasına Azərbaycan dövləti cavabdehdir və ölkə prezidentinin şəxsən özü bu barədə cavab verməlidir".

O vurğulayıb: "Səmədovun və digər islamçıların çoxcildli iş sənədləri Azərbaycan dövlətinin vətəndaş hüquqlarını və insan hüquqlarını aşkar şəkildə pozmaları sənədləri ilə birlikdə tezliklə Avropa İnsan Hüququları Məhkəməsində açılacaqdır".

Vəkil A. Çami artırıb: "Avropa Birliyi Parlamenti dəfələrlə Azərbaycan dövləti barədəki öz rəsmi hesabatlarında və yüksək səviyyəli sənədlərində bu dövləti vətəndaşların hüquq və azadlıqlarını aşkar surətdə pozmasında ittiham etmişdir. Azərbaycan dövlətinin cinayətlərinin sənədlərinin qara qutusu tezliklə Avropa İnsan Hüququları Məhkəməsində açılacaqdır"”.

Geri qayıt