Əsas Səhifə > Gündəm, Manşet > SAATLI AQROLİZİNQ BAŞDAN-BAŞA KORRUPSİYALAŞIB

SAATLI AQROLİZİNQ BAŞDAN-BAŞA KORRUPSİYALAŞIB


16-01-2013, 09:09
SAATLI AQROLİZİNQ BAŞDAN-BAŞA KORRUPSİYALAŞIB
ASC-NİN REGİONAL MƏRKƏZİNİN BAŞÇISI HANSI YOLLARLA PUL QAZANIR

DİA.AZ: - Bölgələrdə özbaşınalıq və korrupsiya hallarının sayı durmadan artır. Artıq iş o yerə çatıb ki, külli miqdarda yeyinti faktları ilə yanaşı, başqalarının yerinə vəzifə başında əyləşməyə dair də məlumatlar diqqətlə izlənilməkdədir. Bu olaylardan biri isə Aran bölgəsində baş verir.

Bölgənin sel sularına təslim olmasından sonra ciddi zərər çəkməsi artıq həqiqətdir. Amma bəzi qurumlar var ki, onlar işləri o yerə çatdırıblar ki, sənədləşdirmədə belə hal hazırda su altında qalan ərazilərdə iş gördüklərini qeyd etməkdən çəkinmirlər. DİA.AZ-a daxil olan məlumatlara görə, "Aqrolizinq" ASC-nin Sabirabad rayonunda yerləşən Lojistik Dəstək Mərkəzinin "rəhbəri" (səbəbsiz yerə dırnaq arasında yazmırıq, bir azdan əsl həqiqəti biləcəksiniz-müəl.) Şakir Həsənov artıq bir-neçə ildir kənd təsərrüfatı sektorunda olmazın işlər görməyə başlayıb. Mənbənin bildirdiyinə görə, işçiləri ilə əmək müqaviləsi bağlamayan və onları ancaq şəxsi mənafeləri üçün işlədən Həsənovun məqsədi tamam ayrıdır. Belə ki, o, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla gələcəkdə onları işdən çıxaran zaman problemlə üzləşməməsini təmin etməyi düşünür. Həmçinin işə götürdüyü şəxslərə əvvəlcə yağlı vədlər verən, lakin işlədikləri müddətdə bir qara qəpik əmək haqqı ödəməyən Şakir Həsənov bununla onlarla şəxsi artıq özündən şikayətçi etməyə nail olub.

Di gəl, bizdə belə halların qarşısını almaq üçün rəsmi qurumlar olsa da, onların heç bir tədbir görmədiyi aydın məsələdir. İndiyə qədər bizə şikayət edənlər də bütün dövlət qurumlarına müraciət etdiklərini bildirsələr də, heç bir faydası olmadığını deyirlər. Hələ bir müddət əvvəl "Aqrolizinq"in Saatlı filialında çalışan Ağasəf Səlimov bildirmişdi ki, Şakir Həsənovun yanında 9 ay işləsə də, bu müddət ərzində bir manat belə əmək haqqı almayıb. Amma onunla yanaşı daha bir-neçə şikayətçinin də belə bir iddiada bulanmasından sonra tam aydın olub ki, vəziyyət nə yerdədir.

Onu da bildirək ki, DİA.AZ Şakir Həsənovla bağlı çox ilginc korrupsiya faktları əldə edib və yaxın günlərdə həmin informasiyaları diqqətinizə çatdıracağıq...

Geri qayıt