Əsas Səhifə > Hadisə, Manşet > TƏHSİL NAZİRLİYİ CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA

TƏHSİL NAZİRLİYİ CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA


15-01-2013, 12:25
TƏHSİL NAZİRLİYİ CƏZA MAŞININI İŞƏ SALMA YOLUNDA
CƏLİLABAD TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ İLQ QURBANLARDANDIR

DİA.AZ: - Cəlilabad rayonu təhsil şöbəsinin müdiri Ədalət Əsgərov barəsində maxinasiya iddiaları səngimək bilmir. Redaksiyamıza bununla bağlı yeni şikayət məktubu daxil olub.

Məktubun müəllifi Cəlilabad Rayonu Astanlı Kənd Orta Məktəbinin tarix müəllimi Malik Həsənovdur. Şikayətçi Cəlilabad Rayonu Təhsil Şöbəsinin müdürü Ədalət Əsgərovun himayəsi altında həyata keçirilən Astanli Kənd tam orta məktəbindəki özbaşınalıq haqqında məlumat verir və onun özbaşınalığının qarşısının alınması üçün tədbir görülməsi barədə əlaqədar təşkilatlara müraciət edir.

Şikayətçi deyir ki, məsələ ilə bağlı Təhsil Naziri Misir Mərdanova teleqrama vursa da, Təhsil Nazirliyinin qaynar xəttinə zəng etsə də, müraciətlərinə baxılmayıb.

Müəllif deyir ki, respublika qanunvericiliyinə görə, 2013-cü ildə dərslər yanvarin 7-də başlansa da, hələ bu gunə kimi Astanlı kənd tam orta məktəbində təhsildən əsər əlamət yoxdur: “Məktəb sanki işsiz sakinlərin yığıncaq yerinə dönüb. Dərs bölgüsü aparılmayıb və kimin hansi dərsi tədris edəcəyi müəyyən edilməyib. Bununla bağlı dərs cədvəli hələ hazırlanmayıb və müəllimlərə təqdim olunmayıb. Habelə tədris materialları və jurnallar yazılmayıb ki, bu da hazırda məktəbimizdə tədrisin olmadığını ortaya qoyur”.

M.Həsənov yazır ki, bu vəziyyətin səbəbi Ədalət Əsgərovun bu il dərs bölgüsünə pul tələb etməsidir. Onun istədiyi məbləğ toplanmadığı üçün məktəbin taleyi qeyri-müəyyən vəziyyətdə qalır.

Məktubda yazılana görə, Ədalət Əsgərovun özbaşınalığı o həddə çatıb ki, məktəbdə Hərbi Hazırlıq fənninin tədrisi Meyvə-Tərəvəz Texnikomunu bitirmiş sıravi əsgər Əliyev Etibar Ağayar oğluna həvalə edilib. M.Həsənov yazır ki, o, özü BDU-nun Tarix fakültəsini bitirib, ehtiyatda olan zabitdir və vaxtilə 10 ildən yuxarı bu vəzifədə işləyib. Ancaq daha sonra Ədalət Əsgərovun əliylə bu vəzifə onadan alınaraq, Əliyev Etibar Ağayar oğluna verilib: “Dəfələrlə bu vəzifənin mənə geri qaytarılması üçün müraciət etsəm də, faydası olmayıb. Ölkə ərazisinin düşmən işğalında olması, hər an müharibə təhlükəsi ilə üzbəüz olması Ədalət Əsgərovu qətiyyən maraqlandırmır. Bunun nəticəsindədir ki, şagirdlər Hərbi Hazırlıq biliyindən məhrum qalırlar. Əsgər ölümündə bunun heç payı yoxdurmu?” Malik müəllim deyir ki, qanunvericiliyə əsasən, bu dərsi ali təhsilli müəllim tədris etməlidir. Həmçinin, Əliyev Etibar hərbi rəhbər vəzifəsindən dərhal uzaqlaşdırılmalıdır: “Bu tələblə dəfələrlə müraciət etsəm də, Ədalət Əsgərov cavabında mənə deyir ki, Etibar Əliyevin əmisi qizi Əliyeva Talehə Vəkil qizi Milli Təhlükəsizlik Nazirliyində işləyir və Etibar Əliyevi o tapşırıb. Ona görə, mən ona heç nə edə bilmərəm. Maraqlıdır, insanların taleyi əsasdır, yoxsa yuxarılarda bir qohumun olması? Görəsən, neçə əsgərimiz şəhid olmalıdır ki Ədalət Əsgərov bu saxtakarlığına son versin?”

M.Həsənov iddia edir ki, Ədalət Əsgərovun saxtakarlıqları bununla bitmir və araşdırılarsa, yüzlərlə belə faktın ortaya çıxacağı şübhəsizdir: “2012-ci ilin dekabr ayında Ədalət Əsgərov hər məktəbdən 3000-4000-5000 manat pul tələb etməsi ilə gündəmə gəlmişdi”.

Məktub müəllifi sonda xahiş edir ki, Cəlilabad Rayonu Təhsil Şöbəsinin mudiri Ədalət Əsgərovun özbaşınalığı və saxtakarlıqlarına qarşı tədbir alınması üçün əlaqədar təşkilatların hərəkətə keçirilməsini, onların məsələyə diqqətini cəlb edək.

Qeyd edək ki, DİA.AZ olaraq bu şikayət məktubu ilə bağlı araşdırma apardığımız zaman Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən yetkilisindən maraqlı bir məlumat aldıq. Xəbəri verən şəxs bildirdi ki, bir neçə rayonun, həmçinin Cəlilabadın təhsiul şöbəsinin müdiri may ayına qədər bəzfiələrindən alınacaqlar: “Odur ki, onunla bağlı hansısa suala cavab verməyə lüzum yoxdur. Bu istiqamətdə nazirlik özü araşdırma aparır”.

Geri qayıt