Əsas Səhifə > Partiya, Manşet > HAKİMİYYƏT SİYASİ MƏHBUSLARI AZAD EDİR

HAKİMİYYƏT SİYASİ MƏHBUSLARI AZAD EDİR


17-11-2011, 15:47
HAKİMİYYƏT SİYASİ MƏHBUSLARI AZAD EDİR

APPELLYASİYA MƏHKƏMƏSİ BƏRAƏT QƏRARI ÇIXARACAQ

DİA.AZ: - İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin barəsindəki hökmdən verilən appellyasiya şikayəti əsasında keçiriləcək məhkəmənin vaxtı məlum olub.

Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkil məhkəmənin ilkin baxış iclasının noyabrın 25-də keçiriləcəyini deyib. Prosesə hakim Vaqif Mursaqulov sədrlik edəcək.

Qeyd edək ki, Səbayel Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.

Onu da bildirək ki, «Dünya» İnformasiya Agntliyi redaksiyasına (dia-az.site) bu məhkəmə ilə bağlı çox ilginc məlumatlar daxil olub. Belə ki, hüquq-mühafizə orqanlarındakı qaynaqlar redaksiyamıza ötürdükləri xəbərdə Arif Hacılının və digərlərinin appellyasiya məhkəməsi ilə azadlığa buraxılacaqlarını istisna etməyiblər.

Mənbənin bildirdikləri: «Artıq bu istiqamətdə beynəlxalq təşkilatlarla da razılıq əldə olunub. AŞPA-nın məruzəçisi Kristofer Ştrasserin Bakıya gəlişinə qədər bu məsələ yekunlaşmalıdır. Ola bilsin ki, məhkəmə prosesində sürətli şəkildə azadlıq qərarı çıxarılsın».

Onu da xatırladaq ki, neçə müddətdir Kristofer Ştrasserin Azərbaycana gəlişinə əngəl yaradılır və hətta AŞPA-nın nəzərdə tutulan iclasında bu səbəbdən Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsi də gündəlikdən çıxarılıb. Və bildirilir ki, Ştrasserə gələn ilin yanvar ayında Bakıya gələ bilməsi üçün şərait yaradılacaq. Buna qədərsə 2 aprel məhbusları azadlığa çıxacaq.

Onu da bildirək ki, bəzi qaynaqlar 2 aprel məhbuslarının əfv fərmanı ilə azadlığa çıxa biləcəklərini iddia edirdilər.


Geri qayıt