Əsas Səhifə > Cəmiyyət > MƏHKƏMƏ İŞÇİLƏRİNİN MAAŞLARI AŞAĞI SALINA BİLƏR

MƏHKƏMƏ İŞÇİLƏRİNİN MAAŞLARI AŞAĞI SALINA BİLƏR


17-11-2011, 12:46
MƏHKƏMƏ İŞÇİLƏRİNİN MAAŞLARI AŞAĞI SALINA BİLƏR

“MƏN BU MƏSƏLƏYƏ DİQQƏTLƏ YANAŞMAĞI XAHİŞ EDİRƏM”

Azərbaycanda ağır cinayətlər məhkəmələrin işçilərinin maaşları aşağı salına bilər. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri Maliyyə Nazirliyini bu addımı atmamağa çağırıb. Əli Hüseynli bildirib ki, komitə birinci instansiya məhkəmələri aparatının işçilərinin maaşlarının, birinci instansiya kimi fəaliyyət göstərən ağır cinayətlər məhkəmələrinin əmək haqlarına uyğunlaşdırılması barədə təşəbbüs qaldırmaq niyyətindədir: “Amma sonradan məlumat əldə etdik ki, əksinə, Maliyyə Nazirliyinin təşəbbüsü ilə Nazirlər Kabinetində ağır cinayət məhkəməsi işçilərinin maaşlarının birinci instansiya məhkəmələrinin maaşları səviyyəsinə endirilməsini nəzərdə tutan təklif var”.

Komitə sədri bildirib ki, maliyyə vəsaitlərinin qorunması vacib olsa da, indiki şəraitdə bu addım məqsədəuyğun deyil: “Xahiş edirik ki, bu məsələ olmasın. Çünki biz özümüz qanunvericilik təşəbbüsü ilə çıxış etmək istəyirik ki, əksinə, aparat işçilərinin əmək haqları artırılsın. Mən bu məsələyə diqqətlə yanaşmağı xahiş edirəm, çünki müasir məhkəmə sistemi həm də müasir standartlara cavab verən iş şəraiti və əməkhaqqı deməkdir”.


Geri qayıt