Əsas Səhifə > Siyasət, Manşet > NAZİR QARDAŞI YENİ VƏZİFƏ ÜÇÜN PUL TOPLAYIR

NAZİR QARDAŞI YENİ VƏZİFƏ ÜÇÜN PUL TOPLAYIR


7-01-2013, 09:49
NAZİR QARDAŞI YENİ VƏZİFƏ ÜÇÜN PUL TOPLAYIR
MƏRDAN CAMALOV HACIBALA ABUTALIBOVUN YERİNƏ GƏLMƏK İSTƏYİR

DİA.AZ: - Hələ bir müddət əvvəldən məlumat verərək bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun gedişi ilə bağlı qərar qətiləşib və bu ilin əvvəlində Bakı meri postunda dəyişiklik gözlənilir. Məlumatımızda onu da qeyd etmişdik ki, Hacıbala Abutalıbovun yerinə ən şanslı aday hazırda Sumqayıta rəhbərlik edən Eldar Əzizovdur. Xatırladaq ki, Eldar Əzizovun hələ Gəncəyə rəhbərlik etdiyi dönəmlərdə də Bakıya gətiriləcəyi xəbərləri dolaşmaqda idi. Amma Hacıbala Abutalıbovun toxunulmazlığı onun növbəti təyinatda paytaxtdan az məsafədə yan keçməsilə, Sumqayıta icra başçısı göndərilməsilə müşaiyət olundu.

Hökumət içindəki məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən xəbərlərdən isə aydın olur ki, şəxsən prezidentlə yaxşı münasibətlərinin olduğu söylənilən Eldar Əzizova bu gün ən ciddi rəqib kimi diqqətə gələni hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalovdur. Bildirək ki, Mərdan Camalov Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır və Yavər Camalov da kifayət qədər samballı fiqur olduğundan, hətta prezidentin yeni komandasında təmsilçilik hüququ qazandığından onun öz qardaşını Bakıya rəhbər gətirə bilməsi mümkün görünür.

Mənbəmiz bildirir ki, amma burada bir məqam da xüsusi əhəmiyyət daşıyır: «Bəllidir ki, Azərbaycanda vəzifələr alınıb-satılır. ABU-nun keçmiş rektoru Elşad Abdullayevin açıqladığı faktlar da rəsmən təsdiqləmiş oldu ki, hətta seçkili orqan kimi tanınan Milli Məclisdə deputat yerlərinin belə bazarlığı aparılır. Belə olan təqdirdə tək «yuxarıda» adamının olması yetərli deyil və Mərdan Camalova həm də yüklü miqdarda pul lazımdır».

Məhz bu səbəbdən Mərdan Camalovun rayonda böyük pul toplama kampaniyasına start verdiyi də gələn xəbərlər içərisindədir. Məlumatlara görə, yerli sahibkarları və idarə müdirlərini hədəfə alan icra başçısı Şirvanda ola bilsin ki, sonuncu bu yöndən olan tədbirini həyata keçirir: «Hər bir idarə müdirinə və sahibkara miqyasına uyğun olaraq haqq qoyulub. Kimindən 1000 manat istənilir, kimindən də 20 min manat. Hər birinə də deyilir ki, Mərdan Camalov yuxarı vəzifəyə gedir və əgər tələb olunan pulu verməsələr, o zaman Camalov getməmişdən qabaq həmin şəxsi cəzalandıracaq və həm də daha yuxarı vəzifədə olan Cəmalovun timsalında özünə böyük bir düşmən qazanmış olacaq».

Artıq bu yolla böyük miqdarda pulun yığıldığını bildirən mənbəmiz onu da əlavə etdi ki, amma istənilən halda Mərdan Camalov «yuxarıların» qərarını gözləmək zorundadır. Yəni Hacıbala Abutalıbovun yola salınacağı günü…

Geri qayıt