Əsas Səhifə > Partiya > “HESABAT AZƏRBAYCAN REALLIĞINI ƏKS ETDİRİR”

“HESABAT AZƏRBAYCAN REALLIĞINI ƏKS ETDİRİR”


16-11-2011, 13:06
“HESABAT AZƏRBAYCAN REALLIĞINI ƏKS ETDİRİR”

MÜSAVAT BAŞQANI: “AZADLIQLAR SADƏCƏ OLARAQ BİR İDEAL DEYİL”

«Amnesty International» beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb.

Sənəddə qeyd edilir ki, təşkilatın 2009-cu il hesabatından bəri ölkədə bu sahədə vəziyyət daha da pisləşib: «Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harada olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxalq dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur».

Bu məsələyə Müsavat Partiyasının başqanı İsa Qəmbər münasibətini açıqlayıb:

«Bir qayda olaraq «Amnesty International» insan haqları, azadlıqlar məsələsində çox prinsipial və aydın mövqe tutur. Bir sıra beynəlxalq təşkilatlardan fərqli olaraq, demokratiya maraqları ilə təhlükəsizlik və iqtisadi maraqlar arasında manevrlər etmir. Bu baxımdan da «Amnesty International»ın hesabatları, tövsiyələri və mövqeyi beynəlxalq birliyin, beynəlxalq təşkilatların mövqeyindən ciddi şəkildə təsirlidir. Hesabatda insan haqları ilə bağlı fikirlərin hamısı həqiqətəuyğundur və Azərbaycan reallığını əks etdirir. Bu da bir həqiqətdir. Artıq beynəlxalq birlik də dərk etməyə başlayıb ki, azadlıqlar sadəcə olaraq bir ideal deyil, azadlıqlar, demokratiya və insan haqları həm də dünyanın təhlükəsiz və firavan yaşaması üçün önəmli fundamental məsələdir. Hesab edirəm ki, «Amnesty International»ın bu hesabatı bu həqiqətin daha yaxşı anlaşılmasına xidmət edib və edəcək».


Geri qayıt