Əsas Səhifə > Partiya > “RAFİQ ƏLİYEV ŞOUSU” DAVAM EDİR

“RAFİQ ƏLİYEV ŞOUSU” DAVAM EDİR


16-11-2011, 12:59
“RAFİQ ƏLİYEV ŞOUSU” DAVAM EDİR

BU DƏFƏ ADNA “ZİYALILARI” MÜRACİƏT İMZALADI

Bakı Dövlət Universitetinin ardınca Azərbaycan Dövlət Neft Akademiyasının bir qrup alimi də akademik Rafiq Əliyevlə bağlı müraciət imzalayıb. “Azərbaycan” qəzetində dərc olunan müraciətdə deyilir: Azərbaycan Dövlət Neft Akademiyasında uzun müddət çalışan və hazırda kafedra müdiri vəzifələrini tutan əməkdaşlar olaraq son günlər müxalif mətbuatında "Eldar Namazov qrupu" adlı toplumun professor Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad edilməsi məsələsini həddən artıq şişirtməklə yanaşı, məsələyə özlərinə xas olan siyasi don geydirmələrindən böyük narahatçılıq keçirdiyimiz üçün ictimaiyyətin aldadılması cəhdinə son vermək qərarına gəldik.

Heç kəsə sirr deyil ki, hər bir müəssisədə idarəçilik önəmli rol oynayır. Əgər kafedra müdiri fakültə Elmi Şurasının üzvü ola-ola onun işində illərlə iştirak etmirsə və bunun səbəbi kimi vaxtının olmamasını göstərirsə, buna nə ad vermək olar? Nə səbəbə fakültə dekanı tədrislə bağlı bu və ya digər məsələni müzakirə etmək üçün kafedra müdirinin qəbuluna düşməyi gözləməlidir? İlin çox hissəsini respublikadan kənarlarda olan kafedra müdiri kafedranı necə idarə edə bilər? Nə üçün "dünya şöhrətli alim" Bolonya təhsil məkanına inteqrasiya ilə bağlı məsələlər barədə doğma ali təhsil məktəbinin tələbələri qarşısında mühazirələrlə çıxış etməməlidir? Bütün bu suallara cavab axtararkən Rafiq Əliyevin kafedra müdirliyindən azad edilməsinin düzgün olması qənaətinə gəlirsən. Akademiyanın həqiqi, yaxud da müxbir üzvü olmaq - ömürlük kafedra müdiri olmaq üçün vizit kartı deyildir.

Kafedra müdiri vəzifəsindən kənarlaşdırılması ətrafında bu qədər ajiotaj yaratmaqla müxalifət qəzetləri nə demək istəyirlər? Axı onların heç biri R.Əliyevin necə alim olmasını bilmirlər - onların bunu dərk etməsi üçün ən azı təhsil ocağımızda işləmələri, onunla ünsiyyətlə olmaları vacibdir. R.Əliyev isə onlarla görüşlərində elmdən yox, nostalji hisslərlə xatırladığı Mərkəzi Komitənin şöbə müdirliyi dövründəki vaxtlarının qaytarılması üçün xəyallar qurmaqla məşğul olmuşdur.

Rafiq Əliyevin Elmlər Akademiyasının müxbir üzvü seçilməsinin də öz tarixçəsi vardır. Elmlər Akademiyasının tarixində ilk seçki idi ki, Ə.Vəzirovun şəxsi göstərişi əsasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üç şöbə müdiri akademiyanın üzvü adını almışdılar. Bu fakt onun totalitarizm dövrünün ən neqativ üsulları ilə bəhrələnməsinin bariz nümunəsidir.

Təəssüflər olsun ki, kimlərinsə yaratdığı "Rafiq Əliyev mifi" onun özünü labirintə saldı. O, nə istədiyini, nəyə qulluq etdiyini unudub adını "tarixə" yazmağa cəhd edir.

İctimaiyyətə yalan məlumat verərək guya R.Əliyevə Nobel mükafatı veriləcəyi barədə xülyalar səsləndirilir. Hörmətli professorun elmi-tədqiqat sahəsi riyaziyyat və texnikanı əhatə edir. Nobel mükafatı isə bu sahələr üzrə təqdim edilmir, iqtisadiyyat üzrə almağı isə gülünc səslənir. Ümumiyyətlə, Nobel mükafatı iddiaçıları bunu reklama çevirmirlər və çox zaman mükafatlandırıldıqları barədə xəbəri hamı kimi mətbuatdan eşidirlər.

Təəssüflə bildiririk ki, Rafiq Əliyevin müdafiəsinə qalxanlar elmdən və tədrisdən uzaq, vaxtilə ona qarşı düşmənçilik mövqeyində olan adamlardır. Maraqlıdır ki, onu müdafiə edən müxalifətçilərə də R.Əliyev vaxtilə ən pis adlarla damğa vurmaqdan çəkinməmişdir. Onların R.Əliyevi müdafiə etmələri alimin adına ləkədir. Yəni doğrudanmı, R.Əliyevin bu tip adamların hay-küyünə bu qədər ehtiyacı var?

Bağır Bağırov, kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor

Qafar Həsənov, kafedra müdiri, professor

Nadir Fəirzanə, kafedra müdiri, professor

İmran Cəfərov, kafedra müdiri, professor

Kamil Aydazadə, kafedra müdiri, professor

Rəhim Məmmədov, kafedra müdiri, professor

Əli Nazim Məmmədtağızadə, kafedra müdiri, professor


Geri qayıt