Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV KİMİN ƏLİNƏ VƏ NECƏ OYNAYIR?
ELŞAD ABDULLAYEV KİMİN ƏLİNƏ VƏ NECƏ OYNAYIR?26-12-2012, 10:58 |
DÜNƏNƏ QƏDƏR İTTİHAM HƏDƏFİ OLAN REKTOR BİR GÜNƏ NECƏ BALLANDI? DİA.AZ: - Bu gün fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev bir ağır arsenal olaraq hakimiyyətiçi münasibətlərin aydınlaşması müstəvisində istifadə olunmaqdadır. Xatırladaq ki, bu barədə sonuncu açıqlamasında keçmiş rektorun əsas hücum hədəfi kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də müəyyən eyhamlar vurmuş və bildirmişdi ki, əslində Elşad Abdullayev bir alətdir. Və bu sözdə kifayət qədər həqiqət payı var. Elşad Abdullayev alətdir və bu gün keçmiş rektordan nəinki hansısa böyük təsir imkanlarına malik iqtidariçi qüvvələrin zərərsizləşdirilməsi üçün istifadə olunur, eyni zamanda şəxsi qərəz müstəvisində də müəyyən oyunlar oynanılır. Elə bu səbəbdən Elşad Abdullayevin Azərbaycanın müasir siyasi gündəmindəki rolunu DİA.AZ olaraq araşdırmaq qərarına gəldik. İlk əvvəl isə keçmiş rektorun kimliyi məsələsinə aydınlıq gətirmək istərdik. Kimdir Elşad Abdullayev? Hər halda, bu suala cavab verərkən onun hansı mərtəbədən hansı mərtəbəyə gəlməsindən danışmayacağıq. Elə Elşad Abdullayevin ABU-dakı fəaliyyətinə nəzər salmağımız yetərlidir ki, onun kimliyindən xəbərdar olasan. Maraqlıdır ki, dünənə qədər Elşad Abdullayevin bir özəl ali məktəb rəhbəri kimi sərt formada tənqid edən müxalif və müstəqil mətbuat bu gün Elşad Abdullayevdən az qala hakimiyyətin üzərinə yürüyən bir terminator obrazı yaratmağa qalxır. Bu da anlaşılan deyil. Hər zaman siyasi müxalifət öz meydanında oynamayıb və bu gün də oynamır. Bu gün Elşad Abdullayevi müdafiə edənlər dünənə qədər onun rəhbərlik etdiyi ali məktəbi Azərbaycan Bazar Universiteti kimi təqdim edirdilər, Elşad Abdullayevin rektor yox, bazarkom olduğunu yazırdılar, ABU-da neçə-neçə tələbə qıza əxlaqsız təkliflərin edilməsini manşet xəbərlərinə çevirirdilər və s. Amma indi Elşad Abdullayev az qala qəhrəman kimi təqdim olunur. Bu müxalifət Eynulla Fətullayevdə buraxdığı yanlışını Elşad Abdullayevin timsalında yenə də təkrarlamaqdadır ki, bu da əslində siyasi müxalifətin gündəlik primitiv hədəflərdən uzağa gedə bilməməsinin göstəricisi kimi qəbul olunmalıdır. Davamlı şəkildə belə bir siyasətin yürüdülməsi son anda, nəhayətdə həlledici ərəfədə böyük və acı məğlubiyyətlərin açarı kimi çıxış etməsinə baxmayaraq, hələ də müxaliflər eyni qaydada tərz nümayiş etdirir, yanlışlarını təkrarlamaqdadırlar. Yox, təbii ki, burada müxalifətin Elşad Abdullayevin açıqladığı faktlara biganə qalması doğru hesab olunmur. Reaksiya verilməlidir, amma Elşad Abdullayevi qəhrəmanlaşdıraraq, onu mübariz birisi kimi təqdim edərək yox. Bu gün Elşad Abdullayevin nəyin davasını apardığı məlumdur. Adam illər ərzində itirdiyi və itirmə təhlükəsini yaşadığı pulunun, mal-mülkünün, varidatının davasını aparır. Elşad Abdullayev bu gün filankəsə 1 milyon, filankəsə 2 milyon, filankəsə 3 milyon və s. və i. pullar verməsindən danışır. Amma kimsə soruşmur ki, cənab Abdullayev, bu qədər pul sizdə haradan idi? Axı siz qızıl küpəsi tapmamışdınız? Yəni bizim qeyd etdiyimiz məqam ondan ibarətdir ki, hətta Elşad Abdullayevlə bağlı faktları açıqlayanda belə xüsusən mətbuat olaraq ehtiyatlı olmaq zorundayıq. Çünki bu dava tamam fərqli davadır və bu davada dünənə qədər müxalifətin sıralarında olan, millətçi kəsimə aid olması şübhə doğurmayan Rövşanə Əliyeva kimilərinin və başqalarının məqsədli şəkildə qurban verilməsinə biganə qalınmamalıdır. Bu, bir oyundur. Və bunun oyun olduğunu özünü hakimiyyətə alternativ kimi hazırlıqlı görən müxaliflər ilk növbədə nəzərə almalıdırlar. Başqa şansları yoxdur. Geri qayıt |