Əsas Səhifə > Cəmiyyət > “ERMƏNİSTAN İŞĞAL ETDİYİ YEDDİ RAYONDAN ÇIXACAQ”

“ERMƏNİSTAN İŞĞAL ETDİYİ YEDDİ RAYONDAN ÇIXACAQ”


16-11-2011, 12:49
“ERMƏNİSTAN İŞĞAL ETDİYİ YEDDİ RAYONDAN ÇIXACAQ”

RUSIYALI POLITOLOQDAN ŞOK PROQNOZLAR

Aleksey Malaşenko: “Bunu İrəvan da çox yaxşı başa düşür, lakin onların Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı öz oyunları var”


Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkonun APA-nın Moskva müxbirinə müsahibəsi

- BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi Azərbaycana hansı dividentlər gətirəcək və bu Dağlıq Qarabağ probleminin həllinə necə təsir edəcək?

- Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi onu regiondakı digər ölkələrdən fərqləndirəcək bir amil olacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli isə ABŞ, Rusiya, Türkiyə və münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanın daxil olduğu çoxbucağın daxilində olacaq. Ona görə də, hesab edirəm ki, bu çox uzun və zaman tələb edən bir prosesdir. Hələlik sırf Dağlıq Qarabağla bağlı olan problem həll olunmayacaq. Amma onu deyə bilərəm ki, gec və ya tez Dağlıq Qarabağ ətrafındakı 7 rayonla bağlı problem həllini tapacaq. Ermənistan işğal etdiyi torpaqlardan çıxacaq. Bu müzakirə üçün real mövzudur. Bunu eyni ilə İrəvan da çox yaxşı başa düşür. Lakin onların Dağlıq Qarabağ ətrafında olan 7 rayonla bağlı öz oyunları var. Yenə də təkrar edirəm ki, bütün bunlara baxmayaraq, 7 rayonun azad olunması məsələsi həllini tapacaq.

Dağlıq Qarabağ probleminə gəldikdə isə, hələlik onun həll yollarını görmürəm. Çünki ortada Dağlıq Qarabağın statusunun tanınıb-tanınmaması məsələsi var. Bu məsələnin həlli üçün yeganə çıxış yolu münaqişə tərəflərinin təklifərindən başqa üçüncü yeni bir formulun təklif olunmasıdır. Hələlik bu formulu tapan bir dahi yoxdur. Ümumilikdə isə, dünya həll olunmayan konfliktlər içində yaşayır. Bunlara Yaxın Şərq - İsrail və Fələstin, Abxaziya, Dağlıq Qarabağ da örnəkdir. Bəziləri elə düşünürlər ki, ən vacib məsələ münaqişənin həll olunmasıdır. Lakin konfliktin həll olunması hər şey demək deyil, əsas məsələ vəziyyəti idarə eləmək və tərəfləri nəzarətdə saxlamaqdır. Hal-hazırda Dağlıq Qarabağda müharibə getmir. Məncə, müharibə olmayacaq, əks təqdirdə bu hər iki tərəf üçün faciə ilə nəticələnər. Ona görə də, müharibənin olmaması və tərəflərə nəzarətin saxlanılması istiqamətində iş davam etdirilməlidir. Əks təqdirdə tərəflər arasında olan nizamlanma prosesi əvvələ qayıdacaq və bu tarixdə president olacaq.

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona sonuncu səfəri zamanı Bakı və İrəvanda Dağlıq Qarabağ probleminin nizamlanmasına dair yeni yanaşmalardan danışıblar. Eyni zamanda onlar tərəflərə etimad mühitini gücləndirəcək bir sıra təkliflər təqdim ediblər. Bu təkliflər nədən ibarət ola bilər?

- ATƏT-in Minsk Qrupu mandatına uyğun olaraq münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirməlidir. Onlar müntəzəm olaraq regionda görüşlər keçirirlər. Görüşlər zamanı onlar real təkliflər irəli sürməli və reallığa yaxın olan məsələləri müzakirə etməlidirlər.

- Münaqişəni xalq diplomatiyası vasitəsi ilə həll etmək mümkündürmü?

- Mən bilmirəm ki, xalq diplomatiyası nədir, çünki diplomatiyanın xalqı, anti-xalqı olmur. Hesab edirəm ki, nə qədər çox danışırlarsa, bir o qədər çox fikirləşirlər. Hazırda müharibəni danışıqlar əvəz edir. Hər kəsə məlumdur ki, bu konflikt tərəflərin çərçivəsindən kənara çıxır. Məsələn, ortada Türkiyənin reaksiyası var. Bəlli deyil ki, o özünü necə aparacaq. Bunu Yaxın Şərqdə baş verən hadisələrə baxdıqda görmək olar. Bundan başqa, Rusiyanın, Qərbin və ABŞ-ın Azərbaycan və Ermənistana olan dəyişən maraqları var. Ən yaxşı hal ondan ibarətdir ki, tərəflər arasında müharibəni xaricdən dəstəkləyən dövlət yoxdur. Fələstin münaqişəsini örnək versək, görmək olar ki, orada müharibəni istəyən bəzi qüvvələr var. Burada isə real olaraq müharibəni istəyən yoxdur. Baxmayaraq ki, hər iki tərəfdən hərbi ritorika səslənir, hər iki ölkədə hərbi paradlar keçirilir. Mən elə bir prezident təsəvvür edə bilmirəm ki, birtərəfli güzəştlərə getsin və ya birtərəfli güzəştlər kimi görünəcək addımlar atsın.


Geri qayıt