Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI RAMİZ MEHDİYEVİN ADAMI İLƏ BACARMIR

İCRA BAŞÇISI RAMİZ MEHDİYEVİN ADAMI İLƏ BACARMIR


25-12-2012, 09:26
İCRA BAŞÇISI RAMİZ MEHDİYEVİN ADAMI İLƏ BACARMIR
LERİKDƏ RƏSMƏN İKİHAKİMİYYƏTLİLİK HÖKM SÜRÜR: NARAZILIQ VAR...

DİA.AZ: - Lerik rayonundan redaksiyamıza rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı şikayət xarakterli məktub daxil olub. Məktubda rayondakı özbaşınalıqlardan, İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla birinci müavini Cəlil Baxşıyev arasında münasibətlərdən söhbət açılır.

DİA.AZ-ın elektron poçtuna daxil olan məktubu olduğu kimi, təqdim edirik:

“Biz leriklilər olaraq ulu öndər Heydər Əliyev ideyalarına sadiq olmuşuq və bu gün də cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Keçirilən bütün seçkilərdə cənab prezidentə səs veririk. Amma bu gün Lerik rayonuna rəhbərlik edən şəxslər rayonda öz yartımaz fəaliyyətləri ilə vəziyyəti gərginləşdirməyə, insanlar arasında cənab prezidentə inamsızlıq toxumu səpməyə çalışırlar.

Bu gün Lerikdə sosial-iqtisadi durum çox ağırdır. Əhali ciddi şəkildə işsizlikdən əziyyət çəkir. Öz gücünə xırda ticarətlə məşğul olub, gündəlik qayğılarını həll etməyə çalışan kiçik sahibkarlara rayon rəhbərliyi qənim kəsilib. İcra başçısının adından onlardan rüşvət tələb edilir. Min-bir əziyyət hesabına qazandıqları pulları əlində alırlar. Büdcə təşkilatlarında çalışanların da vəziyyəti ağırdır. Cüzi məvacib alan işçilərdən də vaxtaşırı müxtəlif üsullarla pul tutulur.

İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova bu məsələlərlə bağlı dəfələrlə müraciət etsək də, onunla görüşmək mümkün olmur. Başçının formal qəbul günləri olsa da, o, həmin günləri Bakıda keçirir. Rayonda yalnız icra başçısının I müavini Cəlil Baxşıyevlə görüşmək mümkündür. I müavin də rayona özünün rəhbərlik etdiyini deyərək, bütün məsələlərə şəxsən özü tərəfindən qərar verildiyini deyir.

Belə görünür ki, I müavin icra başçısını saya salmır. Hətta bunu icra başçısının nəzərinə çatdırdıqda o, “Cəlil Baxşıyev belə deyirsə, demək belədir” şəklində qarşılıq verir. Xahiş edirik ki, bizim bu müraciətimizi işıqlandıraraq, dövlət rəhbərliyinin Lerik rayon İcra Hakimiyyətinin qanunsuz fəaliyyəti ilə bağlı məlumat əldə etməyinə şərait yaradasınız”.

Onu da bildirək ki, ümumiyyətlə, bir sıra rayonlarda birinci müavininin sözü icra başçısının sözündən daha kəsərlidir. Məsələn, eyni problem Salyan rayonunda da yaşanılır. Belə ki, rayonun icra başçısı Tahir Kərimov da eyni qaydada birinci müavini ilə savaşa cəlb olunub ki, bütün bunların da bir nədəni var.

Xatırladaq ki, hələ illər əvvəl hakim Yeni Azərbaycan Partiyasını nəzarəti altına götürməyə çalışan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev partiyanın mərkəzi aparatında istəklərini həyata keçirə bilməsə də, yerlərdə bu niyyətinin gerçəkləşməsi üçün ciddi işlər görə bilmişdi. Belə ki, əksər rayonlarda YAP-ın yerli təşkilatları icra başçısının birinci müavinlərinin kurasiyasına verildi. Bununla da birinci müavinlərə əlavə status verildi və onların üzərindəki icra başçısı asılılığı da aradan qaldırıldı. Beləcə, öz birinci müavinlərini işdən çıxara bilməyən icra başçıları yerlərdə Ramiz Mehdiyevin adamları kimi tanınan birinci müavinləri ilə problemlər yaşamağa başladılar. Buna qeyri-rəsmi olaraq yerlərdəki ikihakimiyyətlilik də demək olar.

Bu həm də ayrı-ayrı oliqarxlar arasında paylaşdırılan əyalət rayonlarının paylaşmadan asılı olmayaraq vahid mərkəzdən - yəni Ramiz Mehdiyev tərəfindən təkrar idarə olunmasını mümkünləşdirən bir sistem deməkdir. İndi isə eyni sistem Lerikdə də mahiyyəti üzrə problemlər yaratmaqdadır.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt