Əsas Səhifə > Cəmiyyət, Manşet > PA RƏSMİSİ ÇƏTİN DURUMDA

PA RƏSMİSİ ÇƏTİN DURUMDA


15-11-2011, 17:40
PA RƏSMİSİ ÇƏTİN DURUMDA

ƏVƏZ ZEYNALLINI ƏLİ HƏSƏNOV HƏBS ETDİRİB

DİA.AZ: - «Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son günlər mətbuata qarşı aparılan kampaniyanın əsas ssenari müəllifidir». Bu məlumatı «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) hökumət içindəki mötəbər mənbələr ötürüb.

Məlumatlı qaynağın bildirdiklərindən belə aydın olur ki, Əli Həsənovun bu fəaliyyəti heç də «yuxarıların» rəğbətinə səbəb olmayıb. Mənbənin söylədikləri: «PA-nın şöbə müdiri əslində hakimiyyəti çox çətin vəziyyətə salıb. Hər halda, kimsə iddia edə bilməz ki, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi hakimiyyətə uğur gətirib».

Mənbə bildirir ki, həm Əli Həsənovunun həbsinin, həm də mətbuatla bağlı digər qalmaqallı olayların arxasınla məhz Əli Həsənov dayanır: «PA-nın şöbə müdiri bir neçə qəzetə qarşı əməlli-başlı müharibə elan edib. Doğrudur, hazırda vəziyyət səngimiş kimi görünür. Amma bütün bunlar Əli Həsənovun ssenarisinə uyğundur. O, yenə də hərəkət etmək və daha bir baş redaktoru həbsə yollamaq niyyətindədir».

Mənbə bildirir ki, amma bu davranışları, şəxsi qisas naminə mətbuata savaş elan etməsi əli Həsənovun özünü iqtidar cameəsinin ümumi maraqlarını zərbə altına qoyan bir fiqur kimi qabardıb: «Məhz buna görə də Əli Həsənova bu günlərdə «yuxarılar» tərəfindən ciddi iradlar ünvanlanıb».

Bildirək ki, bu barədə redaksiyamıza əlavə materiallar da daxil olub. Bəzi dəqiqləşdirmələrin ardından sizi digər yeniliklərlə də tanış edəcəyik. Bizi izləyin…

Onu da bildrək ki, Əvəz Zeynallının həbsinin arxasında Əli Həsənovun dayanması barədə əlavə məlumatlar yayılıb. Xatırladaq ki, Əvəz Zeynallı «Xural» qəzetində də Əli Həsənovun ona qarşı qərəzli olduğunu dəfələrlə elan edib və hətta yazılarında PA rəsmisini «qaragilə» adlandırırdı.


Geri qayıt