Əsas Səhifə > Gündəm, Manşet > QUBA SAKİNLƏRİNDƏN SƏRT İSMARICLAR
QUBA SAKİNLƏRİNDƏN SƏRT İSMARICLAR21-12-2012, 12:14 |
«ƏGƏR TƏLƏBLƏRİMİZ EŞİDİLMƏSƏ, O ZAMAN AKSİYALARA ƏL ATACAĞIQ» DİA.AZ: - Qubada baş verən 1 mart hadisələrinin məhkəməsinin bitdiyi ərəfədə sözügedən rayonla bağlı ilginc məlumatlar əldə etmişik. Xatırladaq ki, bir neçə gün əvvəl yerli əhalinin yeni icra başçısı Mübariz Ağayevdən də narazılıq etməsi barədə xəbərlər yayılmışdı və hətta yeni üsyan dalğasının qalxacağı da anons edilirdi. Amma sonradan bu məlamıtımız başqa bir xəbər portalında təkzib olundu və maraqlıdır ki, həmin təkzibin müəllifi olan yerli icra strukturları məsələ ilə əlaqədar DİA.AZ-a hər hansı açıqlama vermək istəməyiblər. Redaksiyamıza bununla bağlı müpraciət edən bir qrup Quba sakini bildirir ki, onlar Mübariz Ağayevlə görüş istəsələr də, buna nail ola bilməyiblər: «Gah deyirlər başçı rayonda deyil, Bakıdadır, gah da deyirlər ki, vaxtı yoxdur. Biz başa düşə bilmirik ki, Mübariz Ağayevi Qubaya rəhbər təyin ediblər, yoxsa Bakıya». Şikayətçilərin sözlərinə görə, onlar sosial problemlərlə və həbs olunan qubalılarla bağlı başçı ilə görüşmək istəyirlər: «İstəyirik ki, dərdimizi dinləsin. Amma bizdən qaçır. Rayonda isə söz-söhbət gəzir ki, onun arxasında böyük adamlar dayandığından, kimsəni eşitmir». Narazı Quba sakinləri onu da bildirdilər ki, rayon mərkəzində yeni etiraz aksiyası tədarükündədirlər: «Düzdür, hazırda məhkəmə gedir və haqsız yerə tutulanları müdafiə məqsədilə keçirmək istədiyimiz aksiya da məhkəmənin qərarından asılıdır». Sakinlər onu da əlavə ediblər ki, onlar eyni zamanda qubalı deputat Vahid Əhmədovdan da hesabat istəyirlər: «O, vəd etmişdi ki, kimsə həbs olunmayacaq. Amma həbslər oldu və içəridə qubalılara işgəncə veriblər. İndi də gec deyil və deputatımız məhbusların tezliklə azadlığa çıxması üçün hərəkət etməlidir». Sakinlər öz sözlərini belə bitirdilər: «Əgər tələblərimiz eşidilməsə, o zaman aksiyalara əl atacağıq». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |