Əsas Səhifə > Gündəm, Manşet > QARABAĞ DÖYÜŞÇÜSÜ HAQQINI BƏRPA EDƏ BİLMİR

QARABAĞ DÖYÜŞÇÜSÜ HAQQINI BƏRPA EDƏ BİLMİR


18-12-2012, 09:14
QARABAĞ DÖYÜŞÇÜSÜ HAQQINI BƏRPA EDƏ BİLMİR
“BU MÜNASİBƏTİNİZDƏN SONRA KİM VƏTƏN ÜÇÜN MÜHARİBƏYƏ GEDƏCƏK?!


DİA.AZ: Redaksiyamıza 1974-cü ildə Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olmuş Ağayev Mehdi Kamil oğlu tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ-a ünvanladığı şikayət məktubunda Cəlilabad sakini yazır:

“1993-cü ilin yanvar ayında Qarabağ müharibəsinin qızğın çağında hərbi xidmətə getmişəm. 3 gün “Nasosnu”da qaldıq, ordan bölündük, Qusarda yerləşən 888 saylı hərbi hissəyə düşdüm. Təxminən 1 ay qaldıqdan sonra bizi Ağdərə istiqamətində döyüşlərə apardılar. Komandirimiz Anarın rəhbərliyi altında vətən uğrunda döyüşlərdə iştirak etdik. Anar özü sonradan qəhrəmanlıqla həlak oldu. Mən 1993-cü il aprel ayının 12-də sağ budumdan güllə yarası aldım. Tərtər hospitalında 9 gün yatdım, sonra vertolyotla Bakıya qaldırıldım. Sabunçuda Əziz Əliyev adına xəstəxanada 1 ay qaldım, müalicə aldım. Ordan 145 nömrəli poliklinikaya ordudan tərxis olunamaq üçün göndərildim. Orda 10 min manat yardım aldım, Cəlilabada göndərildim. Cəlilabad hərbi komissarlığında qeydiyyata düşdüm. Burda da mənə 20 min manat qanpulu verildi.

145 nömrəli poliklinikanın müdiri mənə dedi ki, get komandirindən kağıza möhür vurdur gətir. Qusara hərbi hissəyə getdim. Orda sənədin üstünü yazdılar, qolladılar, amma dedilər ki, möhür bizdə deyil, “Nasosnu”dadır, get orda möhür vurdur. Nasosnuya getməyə imkanım olmadı, özüm yaralıydım, atam xəstə idi. O vaxtdan bir möhürə görə ilişib qalmışam, veteran vəsiqəsi ala bilmirəm. Mənə veteran vəsiqəsi almaqda kömək edin.

Uzun müddətdir ki, gedib gəlirəm, savadsız, imkansız adamam, heç kim mənə real bir söz demir. Axı mən vətən uğrunda canımı qoymuşam. Qarabağ veteranı kimi, 95 manat hər ay pensiya və üstəgəl, 50 manat Prezident təqaüdü alıram. Bircə istəyim veteran vəsiqəmin verilməsidir. Dövlət orqanlarına müraciət etdikdən sonra sənədlərim Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə göndərilib. Ordan göndərilmiş 888 saylı hərbi hissə komandirinin əmrindən çıxarışda göstərilir ki, mənə sıravi rütbəsi verilib və kursant təyin olunmuşam. 888 saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışda Goran təlim mərkəzində hərbi xidmət keçməyim də göstərilib. Lakin bildirilir ki, təlim mərkəzindən döyüş zonasına göndərilən zaman “əmrə adlı siyahı əlavə olunmadığı üçün sizin adınızın həmin siyahıda olmasını əmr üzrə təsdiq edə bilmirik”.

İndi başa düşə bilmirəm, bu, mənim suçumdurmu? Mənəmmi günahkar?! Qolumuzdan tutub döyüşə göndəriblər, indi də deyirlər göndərəndə siyahı tutmamışıq, odur ki adını dəqiq tapa bilmirik. Yəqin ki hərbi hissədən qaçıb döyüşə getməsəydim, mənim haqqımda cinayət işi açılardı. Sonadək döyüşmüşəm və hərbi xidmətimi şərəflə qurtarıb geri dönmüşəm”.

Daha sonra o dövrdəki məsuliyyətsizlikdən gileylənən Cəlilabad sakini əlavə edir: “Rəhim Qazıyev hərbi hissəmizə gəldi, dedi bunları burda niyə saxlamısınız, göndərin döyüşə. Təcili surətdə bizi Ağdərə-Tərtət istiqamətinə yola saldılar, heç hərbi biletimizi də götürməyə imkan vermədilər. Qərargah Ağdərənin özündə yerləşdi, biz isə Mardakert kəndində qərar tutmuşduq, döyüşür, torpaqlarımızı qoruyurduq. Mən bir vətən müharibəsində iştirak etmiş döyüşçü kimi, tələb edirəm ki, mənim veteran vəsiqəmi heç bir nomenklatur süründürməçilik olmadan özümə qaytarın”.

Bu gün üzləşdiyi süni əngəllərdən, məmur özbaşınalığından şikayət edən vətəndaş daha sonra yazır: “Tez-tez xalqı torpaqları müharibə yolu ilə almağa səsləyirlər. Bundan sonra kim gedib vətən uğrunda vuruşar? Bilirsinizmi, Qarabağ müharibəsi veteranlarını nə kökə qoyublar? Mənim yaralanmağım haqda sənədlər 145 saylı poliklinikadadır. Yaralı əsgərləri ordan “komsovat” edib evə yollayırdılar. Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının qərarında qeyd olunur ki, “hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən” güllə yarası almışdır. Mənə deyirlər ki, MN hüquq idarəsi məsələyə hüquqi qiymət verməlidir. Niyə məni və mənim kimi canını bunların yolunda qoymuş insanları ələ salırlar? Nə hüquqi qiymət? Qoy göndərilən sənədləri araşdırıb haqqımızı bərpa etsinlər.

20 ildir ki, mən yollarda həlak olmuşam, amma veteran vəsiqəmi ala bilmirəm. Mən müharibədə ağır xəstəlik tapmışam, illərdir müalicə olunuram, xeyri yoxdur. Ailəmin qazandığı hamısı mənim dərmanlarıma gedir. Bədənimdə güllə qırıntısı gəzdirirəm. Xahiş edirəm ki xidmətlərimizə qiymət verəsiniz və veteran vəsiqəsi alınmağıma yaradılan əngəlləri aradan qaldırasınız”.

Mövzunu diqqətdə saxlayacağıq. Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt