Əsas Səhifə > Ölkə > “MƏNİM ÇOX ŞEYDƏN XƏBƏRİM VAR”

“MƏNİM ÇOX ŞEYDƏN XƏBƏRİM VAR”


15-11-2011, 13:26
“MƏNİM ÇOX ŞEYDƏN XƏBƏRİM VAR”

GÜLƏR ƏHMƏDOVA ƏVƏZ ZEYNALLIDAN DANIŞDI

Yeni Azərbaycan Partiyasından olan deputat Gülər Əhmədova “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi barədə “Media forum” saytına açıqlama verib.

Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Ə.Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Ə.Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi Ə.Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb.

“Media forum”a açıqlamasında G.Əhmədova qeyd edib ki, Ə.Zeynallı məsələni qloballaşdırmaqla beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək istəyir: “Əlbəttə, o başa düşür ki, mənimlə təkbətək qalanda ortadakı faktlara cavab verməli olacaq. Məsələni qloballaşdırmaqla, prezident səviyyəsinə qaldırmaqla beynəlxalq təşkilatlardan dəstək almaq fikrindədir. Yəni göstərmək istəyir ki, guya ona ölkə miqyasında təzyiqlər var. Demək istəyir ki, “görün mənə kimlər təzyiq edır”. Guya o, ölkə daxilində situasiyanı dəyişə biləcək adamdır və bu səbəbdən də ona prezident, Prezident Administrasiyasının rəhbərliyi təzyiq edir. O, məsələni düşünülmüş şəkildə buna yönəldir. Ətrafındakı bəzi dırnaqrarası hüquq müdafiəçiləri ona məsləhət verirlər ki, məsələni şişirtsin və bunun sayəsində ona kömək edə bilsinlər.

Mənim çox şeydən xəbərim var. Onların hamısını deyəcəm. Məsələni böyütmək üçün bunu prezident İlham Əliyevin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı ilə bağlayırlar. Axı beynəlxalq təşkilatların nə xəbəri var ki, hansı qəzet nə qədər satılır, kim kimdir, hansı qəzet oxunur, hansı oxunmur. İki-üç hüquq müdafiəçisi cıxıb “Əvəz Zeynallı ölkənin siyasi gündəmini dəyişə bilərdi, ona siyasi təzyiq var” deyir, beynəlxalq təşkilatlar da buna inanır. Bu, qurulmuş işdir, üstü isə tezliklə açılacaq”.

G.Əhmədova bildirib ki, istintaq getdiyindən o, məsələnin detalları haqqında danışmaq istəmir. Həmçinin deputat artıq istintaqa ifadə verdiyini qeyd edib. O, əlində xeyli fakt olduğunu iddia edib, şahidlərin olduğunu vurğulayıb.

Deputat baş redaktorun onu nədə şantaj etdiyi məsələsi barədə danışmaq istəməyib: “Orada çox cılız şeylər vardı. Şantaj etməyə heç nə yox idi. Ümumiyyətlə nə olursa olsun, mən şantaja boyun əyən deyiləm, heç vaxt da əyilməmişəm”.

“Siz YAP deputatısınız. Əvəz Zeynallıdan şikayət etməmişdən əvvəl hakim partiyanın rəhbərliyi və siyasi hakimiyyət rəhbərliyi ilə hər hansı məslətələşməniz olubmu?” “Media forum”un bu sualı G.Əhmədovanı hiddətləndirib: “Heç bir məsləhətləşmə olmayıb. Nə məsləhətləşmə olmalıdır ki! Məgər mən şagird-zadam ki, məsləhətlə hərəkət edim?! Bu məsələ mənim şəxsi nüfuzumla, işgüzar həyatımla bağlıdır. Bu mənim haqqımdır və kimsə bunu əlimdən ala bilməz. Bunu edib-etməməyi kim mənə deyə bilər ki?!”

G.Əhmədovanın Ə.Zeynallıdan həftəlik “Xural” qəzeti gündəliyə keçən zaman şikayət etməsinə gəlincə, deputat bunların bir-biri ilə heç bir əlaqəsinin olmadığını söyləyib: “Şantajlar davam edirdi, ona görə də indi müraciət etdim”.

Sonda G.Əhmədova bir mesajı da yollamaq istədiyini deyib: “Kimin mənimlə nə danışdığı, nə dediyi yaxşı yadımdadır və mən də bir çox açıqlama verə bilərəm. Sinə cırıb özlərindən psevdoqəhrəman düzəltməsinlər. Onlardan fərqli olaraq mən mərd-mərdanə danışıram. Hər kəsə maraqlarına uyğun münasibət bəsləmirəm. Məsləhətim odur ki, qazlarını bir az alsınlar və sakit olsunlar. Hər kəs bilir ki, Əvəz Zeynallı reket qəzetçidir”.


Geri qayıt