Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: GƏNCƏDƏ POLİS İCRA BAŞÇISINA HÜCUM ETDİ

ŞOK: GƏNCƏDƏ POLİS İCRA BAŞÇISINA HÜCUM ETDİ


13-12-2012, 11:50
ŞOK: GƏNCƏDƏ POLİS İCRA BAŞÇISINA HÜCUM ETDİ
İCRA BAŞÇISINI TƏHQİR EDƏN POLİS BARƏDƏ ARAŞDIRMA APARILIR

DİA.AZ: - Gəncə şəhərində polislə İcra Hakimiyyəti başçısı arasında insident baş verib. Lent.az-ın məlumatına görə, Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, yol-patrul inspektoru Vüqar Sultanov Gəncə şəhərində yerləşən və Xatirə parkı adı ilə tanınan ərazidə ədəbsiz hərəkət edərkən, onu həmin parkın yerləşdiyi Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev görüb.

İcra başçısı həmin polis nəfərinə iradını bildirib və ona özünü layiqli aparmalı olduğunu bildirib. Polis əməkdaşı M.Mustafayevin iradını özünə təhqir bilib və icra başçısına hücum edib. O, əlinə keçən daşlarla M.Mustafayevi vurub, taxta parçasını götürərək hücum edib. Yaxınlıqdakı şəxslər polis əməkdaşını çətinliklə də olsa, sakitləşdirə biliblər. İcra başçısı hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsin cəzalandırılmasını istəyib.

DİA.AZ bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıxov Lent.az-a bildirib ki, hazırda icra başçısının müraciəti əsasında araşdırmalar davam etdirilir. Polis rəisi bildirib ki, hadisə baş verən vaxt Vüqar Sultanov məzuniyyətdə olub: “İcra başçısı əraziyə baxış keçirərkən bir nəfərin qazılmış xəndəkdə ədəbsiz hərəkət etdiyini görüb və yaxınlaşaraq iradını bildirib. Bu zaman həmin şəxslə birgə olan yol patrul inspektoru Vüqar Sultanov onlara yaxınlaşıb. O icra başçısını tanıyıb və anlaşılmazlığa görə üzrxahlıq etmək istəyib. Məharət müəllim isə ona iradını bildirib. V.Sultanov isə iradları qəbul etməyib, nalayiq ifadələr işlədib. Buna görə də icra başçısı məsələ ilə bağlı müraciət edib. Hadisə vaxtı hər hansı xəsarət qeydə alınmayıb, söyüş-təhqiramiz ifadələr işlədilib”.

Ə.Sadıxov onu da bildirib ki, faktla bağlı toplanmış materiallar prokurorluğa göndərilib və araşdırma prokurorluqda aparılacaq.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, icra başçısını təhqir edib, ona hücum edən polis əməkdaşı sərxoş vəziyyətdə olub.

Geri qayıt