Əsas Səhifə > Siyasət, Manşet > BAKI İLƏ MOSKVA ARASINDA YOLLAR NECƏ KƏSİŞİR?

BAKI İLƏ MOSKVA ARASINDA YOLLAR NECƏ KƏSİŞİR?


13-12-2012, 10:10
BAKI İLƏ MOSKVA ARASINDA YOLLAR NECƏ KƏSİŞİR?
AZƏRBAYCAN HAKİMİYYƏTİNİN SİYASİ KURS DƏYİŞİKLİYİNƏ ÖTƏRİ BAXIŞ

DİA.AZ: - Neçə müddətdir ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar hakimiyyət daxilindəki qruplaşmalar bir-birilərinə əzələ nümayiş etdirirlər. Əslində artıq proseslər əzələ nümayişindən də ötəyə keçərək, qarşılıqlı həmlələr müstəvisinə çoxdan keçib alıb. Sadəcə olaraq baş verənlərdə ictimaiyyətin gözlədiyi tempin müşahidə olunmaması, bir qədər səngimiş situasiya ab-havası yaratmaqdadır. Amma məsələ heç də göründüyü kimi deyil. Tərəflər hazırki situasiyada daha çox ehtiyatlı davranmaq və proseslərdən daha az itki, daha çox uduşla çıxmağı məqsəd kimi qoyduqlarından mövcud atmosferə zəmin yaratmış olublar.

Nə baş verir? DİA.AZ-ın araşdırmalarına görə, daha çox görünəni bu gün iqtidar daxilində Rusiyaya aid qanadın budanması fonunda cərəyan edən olaylardır. Elə bunun da nəticəsidir ki, rəsmi Moskva 2013-cü il astanasında Azərbaycan iqtidarına sərt tövrlərini də zaman-zaman nümayiş etdirir. Həm Rusiya Azərbaycan Təşkilatları İttifaqı müstəvisində baş verənlər və həm də bağlı qapılar arxasında aparılan danışıqlar belə bir təəssürat yaradır ki, artıq balanslaşdırılmış siyasət kursundan imtina edən rəsmi Bakı özünün yeni siyasi mərhələsinə qədəm qoymaq üçün məhz qarşıdan gələn prezident seçkilərini ən münbit zaman kimi seçib.

Və aydın olur ki, əslində Bakı seçimində yanılmayıb. Həqiqətən də bu gün Azərbaycan bir dövlət olaraq tərəf nümayiş etdirmə mərhələsinə qədəm basdığından dünənə qədər alternativsiz görünən balanslaşdırılmış siyasət kursundan imtinanın zamanı da çatmış kimi görünür. Kimsəyə sirr deyil ki, Azərbaycan üçün hazırda əsas təlayüklü məsələ məhz Qarabağ problemidir və balanslaşdırılmış siyasi kursa sədaqət də bu problemin həlli yolunda hansısa yanlışın buraxılmamasına hesablanmaqda idi. Amma illərdir baş verənlər də ortaya bir mənzərəni çıxarır ki, Azərbaycanın konkret olaraq balansını qoruduğu tərəflərdən birinin - Rusiyanın bu problemin həllində daha çox əyləc rolunu oynaması faktdır. Qarabağ kartından davamlı olaraq Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edən Rusiya Azərbaycan dövləti üçün mühüm strateji əhəmiyyət daşıyan çox ciddi layihələri belə əngəlləməyə müvəffəq olub. Hər halda, Azərbaycanın NATO-ya heç bir zaman üzv olmaması kimi gerçəkliyin, NABUCCO kimi mühüm bir layihənin tarixin arxivinə göndərilməsi faktının məhz qeyd olunan amillə birbaşa bağlı olduğu isbata ehtiyacı olmayanlardandır. Və buk imi faktların sırasını daha da genişləndirmək olar.

Bu isə o deməkdir ki, dünənə qədər Azərbaycanın Rusiyanın namını qorumasından bir dövlət olaraq heç bir fayda götürməmişik. Əgər məsələ Qarabağ probleminin həlli ilə bağlıdırsa, bu halda belə Kremlin kimin əmisi oğlu olduğuna əlavə sübut tələb olunmur. Hətta Rusiyanın dövlət rəsmiləri aşkar surətdə dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanın Qarabağı geri qaytarmasını sakit qarşılaya bilməzlər. Bundan net mövqe ola bilməz. Rusiyanın prezidenti Vladimir Putinin isə hansı dərəcədə erməni yandaşı olmasının da sübuta ehtiyacı yoxdur. İllər əvvəl İrəvanda olarkən Dəli Pyotrun ermənilər haqqında, ermənilərin qorunması haqqında vəsiyyətini xatırladan Putin öz sözünü «skazano, sdelano» ifadəsi ilə bitirməsində də məsələnin nə yerdə olduğunu diqqətlərimizə çatdırmışdı.

Əslində Azərbaycanın inkişaf yolunun məhz Qərbə doğru istiqamətdə olması şübhəsizdir. Bunu həm də Qərbin regiondakı maraqlarının məhz Azərbaycanın dövlət maraqları ilə üst-üstə düşməsi faktorudur. Bu gün ABŞ-ın İranla bağlı planlarının Azərbaycanın Güney Azərbaycan probleminin həllində ciddi təkan olacağı heç şübhəsizdir. Bu gün Avropanın Rusiya neft-qazının asılılığından azad olma təşəbbüslərinin Azərbaycan üçün yeni siyasi-iqtisadi şanslara yol açması tam şübhəsizdir. Bu gün Qarabağ probleminin həllinə Rusiyadan daha praqmatik yanaşmanı ortaya qoyan Qərbin güc olduğu təqdirdə Azərbaycanın öz ərazi bütünlüyünü təmin etməsinə göz yuma bilməsi da şübhə doğurmamaqdadır.

Və belə olan təqdirdə rəsmi Bakının 2013-cü ilə öz mövqeyini bəyan edərək getməsi bir tərəfdən ölkəmizlə bağlı bir sıra gərginliklərə gətirib çıxarsa da, uzun müddətə konservləşdirilmiş problemlərin həlli üçün də əsas təkanverici səbəb rolunu oynamış olacaq. Yəni bu gün baş verənlər məhz dövlətçiliyimiz baxımından vacib olanıdır…

P.S. Tanınmış kinorejissor Rüstəm İbrahəimbəyov bir neçə gün əvvəlki müsahibəsində Rusiya adından Azərbaycanı hədələyərək ölkəmizdə təlatümlü olayların baş verəcəyini söyləmişdi. Olsun, Rüstəm bəy, hər halda, hələ də boğazlarımızı kəsən rus buxovlarından bir millət və bir dövlət olaraq yaxa qurtara bilməyimiz üçün istənilən bir itkini verməyə çoxdan hazırıq…

Geri qayıt