Əsas Səhifə > Gündəm, Manşet > HƏBSDƏKİ KEÇMİŞ NAZİRLƏRİN AQİBƏTİ BƏLLİ OLDU
HƏBSDƏKİ KEÇMİŞ NAZİRLƏRİN AQİBƏTİ BƏLLİ OLDU13-12-2012, 09:19 |
NƏ FƏRHAD ƏLİYEV, NƏ DƏ ƏLİ İNSANOV BU DƏFƏ DƏ ƏFV OLUNMAYACAQLAR DİA.AZ: - Azərbaycanda növbəti əfv fərmanına hazırlıq gedir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə verilməsi gözlənilən əfv fərmanı ilə kimlərin azaqd oluncağı bu gün əsas müzakirə mövzularındandır. Elə bu barədə mətbuata açıqlama verən əfv komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev də tədarükün getdiyini bildirib: “Əfv sərəncamlarının imzalanmasını hansısa bayramlara bağlamaq doğru olmazdı. Prezident yanında Əfv Məsələləri Komissiyası daim işləyir, müraciətlər alır”. Deputatın sözlərinə görə, Əfv Komissiyasının növbəti iclasına hazırlıq gedir: “Sənədlər daxil olur və onlara baxılır. Müraciətlərə baxılması, sənədlərin toplanması, rəylərin alınması böyük bir prosesdir. Bütün bu məsələlər üzərində işçi qrup çalışır. Əfv Komissiyasına cəzaçəkmə müəssisələrindən mütəmadi ərizələr daxil olur Qanunvericiliyə uyğun olaraq cəzanın yarı müddəti tamam olduqdan sonra müraciət oluna bilər. Bu qayda üzrə daxil olunan müraciətlərə baxılır və müvafiq sənədləşmə aparılır. Artıq yüzdən artıq müraciət daxil olub. Daimi olaraq vətəndaşlar qəbullara gəlirlər, ərizələrini birbaşa göndərirlər, deputatlara müraciətlər edirlər, valideynlər və məhkumlar özləri müraciət edirlər”. İlin sonunda – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv sərəncamının imzalanması ehtimalına gəlincə, Bəxtiyar Əliyev bildirib ki, sərəncamın imzalanmasını hansısa bayramla bağlamaq düzgün deyil: “Bayram ərəfəsində hər kəs istəyər ki, xoş xəbər eşitsin. Buna təbii baxmaq lazımdır. Amma əfv məsələsinin bayramla heç bir əlaqəsi yoxdur. Sənədlərə baxıldıqdan sonra, şübhəsiz ki, bu məsələyə münasibət bildiriləcək”. Onu da qeyd edək ki, növbəti əfv fərmanı ilə bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlardan ilginc məlumatlar daxil olub. Mötəbər mənbənin bildirdiyinə görə, bəzi dairələr tərəfindən əfv olunacağı barədə xəbərləri yayılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa buraxılması şübhə altına düşüb və ümumiyyətlə, gündəmdən çıxarılıb. Mənbəmiz bunun səbəblərini belə izah edir: «Fərhad Əliyevlə uzun müddətdir ki, danışıqlar gedir. Və o, əlində saxladığı sərvətindən imtinanın qarşılığında azad oluna bilər. Keçmiş nazir isə yalnız bir neçə müssisəsindən vaz keçib ki, bunun da qarşılığında özünün yox, qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin azadlığa çıxmasını tələb edib. Amma onunla danışıq aparan hökumət nümayəndələri keçmiş nazirin istəklərini nəzərə almayıblar və öz şərtlərinin üstündə qalıblar». Mənbənin məlumatına görə, Fərhad Əliyev 31 Dekabr münasibətilə veriləcək əfv fərmanı ilə qardaşının azad olunmasını istəsə də, buna nail ola bilməyib: «Keçmiş nazir istəyirdi ki, bu dəfə qardaşı azad olsun və özünün Novruz Bayramı ərəfəsində azad olunmasını istəyirdi ki, bu da ona qarşı tərəfə inana bilməsi üçün lazım idi. Amma danışıqlar artıq pozulub. Fərhad Əliyevlə bütün danışıqlara son qoyulub». Mənbəmiz onu da əlavə edib ki, bunun qarşılığı olaraq iki gün əvvəl Fərhad Əliyevin kamerasında saxladığı özəl əşyalar da müsadirə olunub: «Ona məxsus olan iki mobil telefon və kiçik ölçülü televizor müsadirə olunub. Hətta bu prosesin rəsmiləşdirilməsi üçün penitensiar xidmətin rəhbərliyi şou xarakterli cəza tədbiri də görüb». Xatırladaq ki, dünən Fərhad Əliyevin saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində axtarışın aparıldığı və məhbuslardan xeyli sayda mobil telefonların və digər texniki vasitələrin aşkarlanaraq müsadirə olunduğu haqda xəbərlər yayıldı. Və bunun ardından bildirildi ki, bu yoxlamalar 17 saylı kalonda baş verən hadisələrlə əlaqədardır. Amma indi aydın olur ki, əsas nədən Fərhad Əliyevlə bağlı imiş. Onu da bildirək ki, Fərhad Əliyevlə bərabər eyni ittihamla 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı tutulan digər keçmiş nazir Əli İnsanov da gözlənilən əfv fərmanı ilə azadlığa buraxılmayacaq. Çünki sabiq səhiyyə naziri heç bir şəraitdə əfv ərizəsi yazmayacağını və hakimiyyətə qarşı müxalifətdə dayandığını bəyan edib ki, bu da rəsmi dairələrdə qıcıq yaradıb. Geri qayıt |