Əsas Səhifə > Gündəm, Manşet > YANVAR AYINDAN BENZİNİN QİYMƏTİ BAHALAŞIR

YANVAR AYINDAN BENZİNİN QİYMƏTİ BAHALAŞIR


7-12-2012, 09:43
YANVAR AYINDAN BENZİNİN QİYMƏTİ BAHALAŞIR
BƏZİ HAKİMİYYƏTİÇİ QÜVVƏLƏR ÜMUMİQTİDAR MARAQLARINI TƏHDİD EDİR

DİA.AZ: - Hakimiyyətin ümumi maraqlarına qarşı bəzi iqtidar içindəki təxribatçı qüvvələr tərəfindən plan hazırlanır. Hər halda, nəzərdə tutulan bahalaşma təşəbbüslərini başqa cür adlandırmaq qeyri mümkündür. Bu barədə DİA.AZ-a etibarlı mənbələr tərəfindən ötürülən xəbərdə bildirilir ki, Prezident Administrasiyasının təşəbbüsü ilə yanacağın qiymətinin qaldırılması üçün Nazirlər Kabineti yanında Tarif Şurasına təkliflər hazırlanır.

Qeyd edək ki, benzinin qiymətinin qaldırılması yönündə buna qədər də bir neçə dəfə təşəbbüslər olmuşdu və hətta yaranmış ajiotajın fonunda ölkədəki yanacaqdoldurma məntəqələrində uzun növbələr də yaranmışdı. Amma sonradan qiymət artımının hansı fəsadlara yol açacağını göz önünə gətirən rəsmi dairələr əvvəlki qiymətləri saxlama qərarını verdilər.

Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, isə amma yanvar ayının 1-dən etibarən benzinin bütün oktan dərəcələrinə uyğun növlərinin qiymətlərinin üstünə 10 qəpiyin artırılmasını təklif edən layihə hazırlanır. Bu addımın dünya standartları ilə ayaqlaşma kimi qiymətləndirildiyi layihədə əslində təxribat meyilləri aşkar surətdə hiss olunandır.

Mənbəmiz bildirir ki, qarşıdan prezident seçkiləri gəlir və seçki ilinini ilk günündən belə bir addımın atılması birbaşa olaraq ümumiqtidar maraqlarının zərbə altına qoyulması deməkdir: «Çünki benzinin qiyməti qalxarsa, bu, təbii olaraq bazarda bahalaşma yaradacaq. Həm ərzağın və həm də digər malların qiyməti avtomatik surətdə qalxacaq. Bu isə sosial narazılığa səbəb olmaqla yanaşı, hakimiyyətə qarşı aqressiyanı təmin etmiş olacaq».

Mənbəmiz bildirir ki, onsuz da bir neft ölkəsi üçün kifayət qədər baha qiymətə yanacağın satıldığı Azərbaycanda əslində qiymətlərdə endirim siyasətinin aparılması daha məqsədəuyğun hesab olunur və hətta bu barədə həm yerli, həm də əcnəbi ekspertlər tərəfindən dəfələrlə təkliflər səsləndirilib. Amma bu kimi təkliflər hər dəfəsində qulaqardına vurulub. İndi isə bunun tamam əksi olan bir addımın atılma tədarükü gedir. Mənbəmiz onu da əlavə etdi ki, bahalaşma niyyəti əslində son dövrlər iqtidar daxilində cərəyan edən olaylarla əlaqədardır. Mənbəmizin söylədikləri: Hakimiyyət içindəki hazırki situasiya kimlərin marağında deyilsə, onlar da qiymətləri artırmaq fikrinə düşüblər ki, gərgjinlik nöqtəsinin yeri dəyişəsin. Məsələ bundadır».

Geri qayıt