Əsas Səhifə > Gündəm, Manşet > YENİ MÜAVİNLƏRİN SƏLAHİYYƏTLƏRİ BƏLLİ DEYİL

YENİ MÜAVİNLƏRİN SƏLAHİYYƏTLƏRİ BƏLLİ DEYİL


5-12-2012, 12:03
YENİ MÜAVİNLƏRİN SƏLAHİYYƏTLƏRİ BƏLLİ DEYİL
SON DƏYİŞİKLƏRİN KADR İSLAHATI OLMADIĞI HAQDA QƏNAƏT VAR

DİA.AZ: - Prezident Administrasiyasının rəhbərinin müavini institutunun yaradılması cəmiyyətin hakimiyyətdən tələb etdiyi kadr dəyişikliyi islahatı deyil. Bu, sadəcə Prezident Administrasiyasında bəzi şöbə müdirlərinin səlahiyyətlərinin artırılmasıdır. DİA.AZ bildirir ki, bu barədə Turan-a Prezident Administrasiyasına yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Prezident Administrasiyasının müavinlik institutunun əsasnaməsi hazırlanır. “Əsasnamədə ölkənin milli təhlükəsizliyi və prezidentin qəbul etdiyi sənədlərin icrasına nəzarət mexanizminin daha çevik həyata keçirilməsi əksini tapacaq. Belə ki, administrasiya rəhbərlərinin müavinləri hərbi və təhlükəsizlik orqanlarının, yerli icra hakimiyyətlərinin, o cümlədən nazirlərin, komitə sədrlərinin və diplomatik missiyaların prezidentin qərarlarının yerinə yetirilməsi vəziyyətinə nəzarət etmək səlahiyyətinə malik olacaq. Müavinlər həmçinin hökumət qurumlarının, hərbi, təhlükəsizlik orqanlarının, diplomatik missiyaların işini koordinasiya edəcək. Bundan başqa onların birgə iştirakı ilə mütəmadi olaraq toplantılar keçirib ortaya çıxan problemlərin həlli üçün qərarlar qəbul etmək səlahiyyətinə malik olacaq”, - mənbə bildirib.

Xatırladaq ki, ötən həftə prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbərinin dörd müavinini təyin edib. Sərəncama görə, Əli Əsədov (prezidentin iqtisadi məsələlər üzrə köməkçisi), Novruz Məmmədov (xarici əlaqələr şöbəsinin müdiri), Zeynal Nağdəliyev (regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi), Vahid Əliyev (prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi) Prezident Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.

Geri qayıt