Əsas Səhifə > Gündəm, Manşet > ABBAS ABBASOV KREMLDƏ MƏXFİ GÖRÜŞ KEÇİRİB

ABBAS ABBASOV KREMLDƏ MƏXFİ GÖRÜŞ KEÇİRİB


5-12-2012, 11:01
ABBAS ABBASOV KREMLDƏ MƏXFİ GÖRÜŞ KEÇİRİB
BAŞ NAZİRİN KEÇMİŞ MÜAVİNİ RATİ-DƏN İMTİNA ETDİYİNİ BƏYAN EDİB

DİA.AZ: - Kremlin Azərbaycana basqılarının təzahürü kimi qəbul olunan Rusiya Azərbaycan Təşkilatları İttifaqının özünü buraxa biləcəyi haqda məlumatı hələ xeyli əvvəldən diqqətlərə çatdırmışdıq. Və bildirmişdik ki, böyük bir qərarsızlıq içində olan və cəmiyyətə RATİ-nin sədri kimi təqdim olunan Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov məhz bu ideyanın gerçəkləşməsi yönündə ciddi çaba sərf edir.

Əslində Abbas Abbasovun hazırki durumu heç də qibtə olunası deyil. Bir yandan Azərbaycan hakimiyyəti ilə münasibətlərini korlaya bilmir (hər halda, Bakıda bir mandatlı girovu var…), digər yandan da illərdir sədaqət nümayiş etdirdiyi Kremlin əmrindən çıxa bilmir. Yəni bir növ aşağı tüpürür saqqal, yuxarı tüpürür bığ məsələsində olduğu kimi…

Bununla bağlı DİA.AZ-a Rusiyadakı qaynaqlardan ötürülən xəbərlərdə bildirilir ki, Abbas Abbasov ilk başdan rəsmi Bakı ilə danışıqların aparılmasının tərəfdarı kimi çıxış edib. Və həm prezident İlham Əliyevlə və həm də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüş təşəbbüsü də ondan gəlib. Halbuki bu ideyanın «Oliqarxların təşkilatı»na aid digər üzvlər tərəfindən o qədər də dəstəklənmədiyi faktı məlumdur. Elə RATİ ilə bağlı proseslərdə xüsusi fəallığı ilə diqqətə gələn «Azərros»un prezidenti Söyün Sadıqovun bu yöndə nümayiş etdirdiyi dəst-xətt də bel deməyə əsas yaradır. Özünü Rusiyanın vətəndaşı, Rusiyanı isə özünə VTƏN bilən Söyün Sadıqovun əslində Azərbaycan adına hansısa bir təşkilatda aparıcı missiyasını daşıması faktı ilk növbədə ortaya absurd bir mənzərə çıxarırsa, eyni zamanda həm də RATİ ətrafında baş verənlərin mahiyyətini də ortaya qoymuş olur. Yəni burada məsələ ondadır ki, RATİ Azərbaycanın Rusiyada yox, Rusiyanın Azərbaycanda maraqlarının qorunması üçün düşünülmüş bir təşkilatdır…

Mənbəmiz bildirir ki, məhz bu səbəbdən RATİ-nin sədrliyi boynuna qoyulan Abbas Abbasov bir neçə dəfə rəsmi Bakı ilə danışıqlara cəhd göstərsə də, nəhayətdə fikirlərini Ramiz Mehdiyevə çatdırma fürsəti əldə edib ki, bu barədə bir neçə gün əvvəlki açıqlamasında PA şefinin özü də dolayı yollarla açıqlama vermişdi. Mehdiyevin sözlərindən aydın olurdu ki, rəsmi Bakı adından o, Abbas Abbasova rədd cavabı verib və RATİ-nin fəaliyyətinin Azərbaycan hakimiyyətinin ürəyincə olmadığını diqqətlərə çatdırıb.

Amma hər kəs yaxşı bilir ki, əslində RATİ və Rusiyanın Azərbaycan üzərindən gerçəkləşdirməyə çalışdığı digər mənfur ssenarilər məhz 2013-cü il prezident seçkilərinə hesablanmış addımlardır və bu addımlarda başlıca məram məhz Ramiz Mehdiyevin timsalında Rusiyayanlı qüvvələrin müdafiəsidir. Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, artıq RATİ-nin arxasında dayanan ikibaşlı həqiqətin ifşası bu gün Abbas Abbasovu ağrıdan bir situasiyanı yaradıb:

«Abbas Abbasov nə Söyün Sadıqov deyil, nə də Ramiz Mehdiyev… bu gün Söyün Sadıqovla Ramiz Mehdiyev bir-birilərilə döyüşürmüş kimi davranırlar. Amma həqiqətin tamam başqa məcrada olduğu aydındır. Və bu barədə daha dolğun bilgilərə malik olması və həmçinin Söyün Sadıqovdan fərqli olaraq Rusiyanı yox, məhz Azərbaycanı özünə vətən bilməsi faktoru Abbas Abbasovu həm RATİ-dən uzaq salıb və həm də onun qərarsızlığını gücləndirib».

Mənbəmiz bildirir ki, bu həftənin birinci günü Abbas Abbasov Kremldə məxfi görüş keçirib və müzakirə mövzusu da RATİ olub: «Görüş zamanı Abbas Abbasov açıq şəkildə qurumdan imtina edib. Doğrudur, Kremlin nümayəndələri bu qərarı müzakirə edəcəklərini bildiriblər. Amma Abbas Abbasov qərarının qəti olduğunu bildirib. Və ola bilsin ki, yaxın günlərdə baş nazirin keçmiş müavininin adından açıqlama yayılsın».

Geri qayıt