Əsas Səhifə > Cəmiyyət > AŞPA-DAN HAKİMİYYƏTƏ ÇAĞIRIŞ

AŞPA-DAN HAKİMİYYƏTƏ ÇAĞIRIŞ


30-11-2012, 11:16
AŞPA-DAN HAKİMİYYƏTƏ ÇAĞIRIŞ
"SİYASİ MƏHBUSLAR AZAD EDİLSİN"

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Qreş (Malta) noyabrın 26-28-də Bakı səfərinin yekunları ilə bağlı ölkə hakimiyyətini həbsdə olan jurnalistləri, hüquq müdafiəçilərini və siyasi fəalları azad etməyə çağırıb.

AŞPA-nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, rəsmi şəxslər, siyasi partiyaların nümayəndələri və vətəndaş cəmiyyəti fəalları ilə görüşlərlə yanaşı Aqramunt və Qreş Bakıdakı 9 saylı koloniyada olublar, Məmmədəli Əliyevlə (Abşeron Rayon Polis İdarəsinin keçmiş rəisi, 1990-cu ilin ortalarında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək barəsində axtarış elan edilib. Lakin 2008-ci ildə Hacı Məmmədovun qanqster bandası ifşa olunduqdan sonra həbs edilib və 2010-cu ildə qətldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib) görüşüblər. Bundan başqa AŞPA nümayəndələri Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə baş çəkiblər, AXCP fəalı Şahin Həsənli ilə görüşüblər. Ş.Həsənli 2011-ci il aprelin 2-də Bakıda keçirilən etiraz aksiyasında iştiraka görə 2 il müddətinə həbs edilib. Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Həmməruzəçilər bu yaxınlarda Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişlərlə bağlı narahatlığını bildirib. Belə ki, düzəlişlərə əsasən icazəsiz nümayişlərin təşkilinə və iştiraka görə cərimələr bir neçə dəfə artırılıb. Onlar hakimiyyətin Bakının mərkəzində etiraz aksiyalarını daim qadağan etməsini nəzərə alaraq, hesab edirlər ki, bu düzəlişlər Azərbaycanda toplaşma və ifadə azadlığına mənfi təsiri daha da artıracaq.

Bundan əlavə, həmməruzəçilər həbs olunan hüquq müdafiəçilərinin, fəalların və jurnalistlərin sayının artmasından narahatlıqlarını bildiriblər. Belə ki, onların barəsində qaldırılmış cinayət işləri qanunun tələblərinə uyğun olaraq bəzi QHT-lərdə şübhə doğurur.

Aqramunt və Qreş hakimiyyəti həbsi əsaslı şübhə və narahatlıq doğuran həmin şəxsləri azad etmək üçün bütün mövcud hüquqi vasitələrdən istifadə etməyə çağırıb.

Həmməruzəçilər 2012-cu il dekabrın 12-də Monitorinq Komitəsində baxılmaq üçün məruzə və qətnamə layihəsinin yekun variantını təqdim edəcəklər. Qəbul olunarsa, hər iki mətn AŞPA-nın 2013-cü il yanvar sessiyasında dərc ediləcək və müzakirə olunacaq.

Geri qayıt