Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİ ÜÇÜN GÜRCÜSTANDAN QARA XƏBƏRLƏR

ARDNŞ ŞEFİ ÜÇÜN GÜRCÜSTANDAN QARA XƏBƏRLƏR


30-11-2012, 10:56
ARDNŞ ŞEFİ ÜÇÜN GÜRCÜSTANDAN QARA XƏBƏRLƏR
İVANAŞVİLİNİN RUSİYAYA YAXINLAŞMASI HANSI ŞƏRAİTİ YETİŞDİRİR?

DİA.AZ: - Neçə müddətdir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Gürcüstandakı biznesilə bağlı sizləri məlumatlandırmaqdayıq. Məlumatlarımızda bildirmişdik ki, Bidzina İvanaşvilinin qonşu ölkədə hakimiyyəti ələ keçirməsinin ardından ARDNŞ şefinin də oradakı bizenesi təhlükə altına düşüb. Doğrudur, Rövnəq Abdullayev Gürcüstana səfər etdi və elə bir təəssürat yaradldı ki, artıq münasibətlər yoluna qoyulub.

Amma məsələnin heç də belə olmadığı gün kimi aydındır. Ən azından ona görə ki, gürcü mətbuatında Rövnəq Abdullayevin açıqlamalarından fərqli şərhlər yer almaqdadır. Və bildirilir ki, əslində İvanaşvili Azərbaycanın enerji təminatına alternativi təmin etdikdən sonra, Rövnəq Abdullayevin Gürcüstandakı biznes imperiyasını da darmadağın edəcək.

Xatırladaq ki, bu gün Rövnəq Abdullayevin Gürcüstan ərazisində böyük biznesi var və həmin biznes «Socar Georgia»da vitse-prezident postunu tutan Mahir Məmmədov adlı şəxs tərəfindən yönəldilməkdədir.

Mahir Məmmədovun nəzarəti altında «Socar»a aid yanacaqdoldurma məntəqələrindən savayı Tiflisdə Bakuruani deyilən ərazidə və Batumidə xeyli sayda obyektlər var. Bunlar da bir yana. Gürcüstanın digər bölgələrində, həmçinin Marneulidə də Rövnəq Abdullayev yeni obyektlər tikdirməkdədir. Və məlum olur ki, «Socar Georgia»dan ARDNŞ şefinin əldə etdiyi gəlirlər məhz həmin obyektlərə və onların inşasına sərf olunmaqdadır.

Onu da xatırladaq ki, «gürcü arzusu» hökuməti ilə ARDNŞ arasında yaranan qalmaqal zamanı (yeni hökumətin araşdırmaları nəticəsində gürcü vergi polisi «Socar Georgia»nın 26 milyon lari (13 milyon ABŞ dolları) həcmində vergidən yayınmada ittiham etmişdi -red.) Mahir Məmmədov Azərbaycana qaçmalı olmuşdu.

Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, artıq ARDNŞ-dən vaz keçə bilməsi üçün yeni gürcü hökuməti Rusiyaya təkliflərini yollayıb. Mənbəmizin söylədikləri: «Bidzina İvanaşvilinin Rusiya yanlısı olmasını sezmək o qədər də çox vaxt tələb etmədi. İndi isə Qərbin Gürcüstandakı təzahürü kimi qəbul olunan Azərbaycan-Gürcüstan «enerji qardaşlığı»nın darmadağın edilməsi yönündə iş gedir. Təbii ki, bundan Azərbaycan dövlətindən daha çox Gürcüstanın zərər görəcəyi məlumdur. Amma bir məsələ də var ki, zərər görənlər arasında ARDNŞ şefi Rövnəq Abdullayevin şəxsi də var. Çünki həmin şəraitdə onun Gürcüstandakı biznesi həqiqətən də təhlükə altına düşür. Bu da ki milyonların boşuna sərf olunması deməkdir».

Geri qayıt