Əsas Səhifə > Gündəm, Manşet > İKİ İCRA BAŞÇISININ KÖHNƏ HAMAM UĞRUNDA DAVASI

İKİ İCRA BAŞÇISININ KÖHNƏ HAMAM UĞRUNDA DAVASI


30-11-2012, 09:52
İKİ İCRA BAŞÇISININ KÖHNƏ HAMAM UĞRUNDA DAVASI
MASALLININ YENİ ŞEFİ KÖHNƏ BAŞÇININ ADAMLARINI BİR-BİR “VURUR”

DİA.AZ: - Masallı rayonu qədim abidələrlə zəngin olsa da, Masallı şəhərinin özündə cəmi bir tarixi abidə var – XIX əsrin yadigarı olan və el arasında “Məşədi İbad” hamamı kimi tanınan hamam-abidə. Bu hamamın eyni oxşarının İranın Ərdəbil şəhərində də olduğu bildirilir.

10 ildən artıqdır ki, bu hamamın fəaliyyəti dayandırılıb, yəni bu binadan hamam kimi istifadə olunmur. İstifadə olunmamaq bir yana, şəhərin yeganə tarixi-abidəsi biabırçı vəziyyətdədir. İş o yeri çatmışdı ki, bu tarixi abidədən bəzi cavanlar ayaqyolu, narkomanlar isə iynəvurma “nöqtəsi” kimi istifadə edirdi. DİA.AZ bildirir ki, bu problemin mətbuatda yazılmasının ardından ora dəmir qapı qoydular, sonra hasarladılar. Daha sonra onun qarısındakı dövlət binalarının altındakı torpağı fantastik qiymətə satdırıb, burada 2 möhtəşəm özəl bina tikdirməklə hamamı görünməz etdilər.

Bu günlər isə zaman dəyişib. Masallıya yeni gələn icra başçısı həmin abidə-hamamı əsaslı surətdə təmir etdirmək istəyir. Lakin həmin 2 özəl bina – faktiki kimlərin mülkiyyəti olması bəlli olsa da, Arzu Abdullayevanın adına sənədləşdirilən “İsmayıl” Çay Evi və Həzərxan Ağayevin adına sənədləşdirilən ticarət mərkəzi burada bərpa və əsaslı təmir işləri aparmağa imkan vermir. İş o həddə çatıb ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi hər iki binanın sökülməsi üçün Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Bu yaxınlarda həmin hamamla bağlı məhkəmədə hazırlıq və ilk iclas keçirilib.

Mədəniyyət və Turizm şöbəsinin məsul işçisi Adil Heydərovun bildirdiyinə görə, əsas arqument ondan ibarətdir ki, bu hamam-abidə qeydiyyatda olan tarix və mədəniyyət abidəsidir. Buna görə də mühafizə olunur. İkinci, inşaat qaydalarına görə hər binanın hündürlüyü qədər ətrafda mühafizə zolağı olmalıdır. Üçüncüsü, bu binalar üçün müvafiq sənədlərdə 0. 18 və 0. 24 ha torpaq sahəsi ayrıldığı halda onlar bundan 2 dəfə artıq (0,3-0,4 ha) torpaq üzərində tikinti işləri aparıblar.

Onu da bildirək ki, əslində Masallının yeni icra başçısı Rafil Hüseynovun durub-dururkən tarixi abidə hesab olunan hamamın müdafiəsinə qalxması da səbəbsiz deyil. Bu barədə rayondakı qaynaqların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hamamı görünməz vəziyyətə salan hər iki obyekt əslində rayonun keçmiş icra başçısı, hazırda Astaraya rəhbərlik edən Qəzənfər Ağayevə yaxın şəxslərə aiddir. Və bu gün Rafil Hüseynovun da hamam məsələsini qaldırması da sırf olaraq keçmiş başçının adamlarının hədəfə alınması niyyətiylə əlaqədardır.

Xatırladaq ki, keçən günlərdə Rafil Hüseynovun göstərişi ilə Qəzənfər Ağayevə məxsus olduğu söylənilən məşhur istirahət mərkəzində müəmmalı surətdə baş verən yanğının ardından, obyektin fəaliyyətinə qadağa qoyulub. İndi isə yeni başçı ortaya hamam məsələsini atıb.

Geri qayıt