Əsas Səhifə > Gündəm, Manşet > İRİ RANQLI MƏMURLAR NƏ ZAMAN HƏDƏFƏ ALINACAQ?

İRİ RANQLI MƏMURLAR NƏ ZAMAN HƏDƏFƏ ALINACAQ?


29-11-2012, 10:50
İRİ RANQLI MƏMURLAR NƏ ZAMAN HƏDƏFƏ ALINACAQ?
ANTİKORRUPSİYA DALĞASI «YUXARILARA» DOĞRU KURS GÖTÜRƏ BİLƏR

DİA.AZ: - Dünən bir neçə dövlət qurumunda antikorrupsiya tədbirlərinin keçirilməsilə bağlı məlumatlar yayıldı. Əslində, bu kimi addımların davamlı olacağı haqda xəbəri əvvəlcədən diqqətinizə çatdırmışdıq və bildirmişdik ki, daha 3 illik korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyət proqrammını təsdiqləyən rəsmi Bakı bu ilin sonunda bəzi tədbirləri həyata keçirəcək.

Amma yenə də əsas addımların atılması yönündə heç bir hərəkətlənmə müşahidə olunmur. Söhbət iriranqlı çinovniklərin antikorrupsiya tədbirləri çərçivəsində hədəfə çevrilməsindən gedir. Çünki son məlumatlardan da aydın oldu ki, barələrində ölçü götürənlər 400-500 manatın peşində olanlardır. Milyonları yeyənlərə qarşı isə zərrə qədərində də reaksiyanın verilməməsi fonunda, əslində bu cür tədbirlər cəmiyyətdə haqlı olaraq kinayə ilə qarşılanır.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, böyük akulaların da hədəfə çevrilməsi gözləniləndir. Təbii ki, burada söhbət məsələn, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin nişan verdiyi ünvanlardan getmir. Amma məlumatlı mənbə iddia edir ki, konkret olaraq iki rayonun icra başçısı ilə bağlı tədarük görülməkdədir:

«Onlardan biri Şəki rayonunun yeni başçısı, digəri isə uzun müddətdir Cəlilabada rəhbərlik edən Əziz Əzizovdur».

Mənbəmizin verdiyi bilgilərə görə, hər iki icra başçısına qarşı çox ciddi ittihamlar var: «Hələlik həmin ittihamlar üzrə araşdırmalar gedir və ola bilsin ki, bu ilin sonuna yaxın həmin icra başçılarından biri ilə bağlı qəti addım atılsın. Amma hər iki başçı hədəfdədir».

Geri qayıt