Əsas Səhifə > Siyasət, Manşet > OLİQARXLARIN BUĞDA UĞRUNDA BÖYÜK SAVAŞI

OLİQARXLARIN BUĞDA UĞRUNDA BÖYÜK SAVAŞI


29-11-2012, 10:03
OLİQARXLARIN BUĞDA UĞRUNDA BÖYÜK SAVAŞI
İSMƏT ABBASOVUN İDXAL BUĞDASINI YENİDƏN HƏDƏFƏ ALMASININ NƏDƏNİ

DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata açıqlama verərək, Azərbaycanın yetərincə buğda ehtiyatının olması barədə «şad xəbəri» diqqətlərə çatdıran Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun əslində kimin bostanına daş atdığını sezməmək qeyri-mümkün idi. Söhbət təbii ki, illərdir davam edən bir çəkişmədən gedir.

Xatırladaq ki, bu gün Azərbaycanda un bazarı əsas olaraq iki fiqurun nəzarəti altındadır. Onlardan biri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digəri isə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdur. Un bazarını demək olar ki, tən yarıya bölərək idarə edən bu iki oliqarx-məmurun nəzarəti altında iri dəyirmanlar fəaliyyət göstərməklə yanaşı, onlar həm də buğda idxalı sahəsini də monapoliyaya alıblar.

Doğrudur, bu istiqamətdə daha böyük pay sahibi olanı Kəmaləddin Heydərovdur və bu da onun gömrük orqanları üzərindəki əlahiddəliyi ilə şərtləşir. Amma Kəmaləddin Heydərovdan fərqli olaraq Ramiz Mehdiyevin dəyirmanları daha çox yerli buğdanı una çevirməsi ilə tanınır.

Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun «yetərincə buğda ehtiyatımız var» deməsi isə haqlı olaraq bəzi dairələrdə FHN şefinin ünvanına meydan oxunması kimi anlaşılıb. Bu barədə DİA.AZ-a xəbər verən Nazirlər Kabinetindəki qaynaq bildirir ki, əslində KTN şefinin bu tərzdə açıqlama verməsi hökuməti buğda idxalını məhdudlaşdırmağa çağırış kimi qəbul olunmalıdır: «Buğda idxalının azaldılması isə birbaşa olaraq Kəmaləddin Heydərovun adamlarının gəlirlərinin azalması deməkdir. Doğrudur, idxal olunan buğda yerli buğdadan qat-qat ucuzdur və hər dəfəsində idxalın səbəbi kimi məhz bu faktor göstərilib. Yəni bu kimi ideyalar ortaya atılanda, deyiləndə ki, yerli ehtiyatımız yetərlidir, o zaman qiymətlərin baha olması faktı ilə məsələ ört-basdır edilir və yenə də buğda idxalı üçün qapılar açılır».

Mənbəmiz bildirir ki, məhz bahalı yerli buğdaya alternativ kimi gətirilən ucuz idxal buğdası davası bu gün yenidən İsmət Abbasovu Kəmaləddin Heydərova qarşı getməyə vadar edib. Amma burada bir məqam var ki, İsmət Abbasovun öz sözünü demədiyi də bildirilir. Mənbəmizə görə, məhz yerli buğdanı üyüdən Ramiz Mehdiyevdir ki, bu gün İsmət Abbasovu Kəmaləddin Heydərova qarşı danışdırır:

«Təbii ki, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov bir çox müsətvilərdə mübarizə aparırlar. Ona görə də bu qarşıdurmaya ənənəvi simalardan birinə çevrilmiş İsmət Abbasovun da müdaxiləsini əslində PA şefinin «fövqəlnazir»ə əlavə cəbhə açması kimi də qəbul etmək lazımdır».

Geri qayıt