Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİN GEDƏCƏYİ TARİX BƏLLİ OLDU

RAMİZ MEHDİYEVİN GEDƏCƏYİ TARİX BƏLLİ OLDU


29-11-2012, 09:51
RAMİZ MEHDİYEVİN GEDƏCƏYİ TARİX BƏLLİ OLDU
PA ŞEFİNİN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ ÜÇÜN KREMLLƏ DANIŞIQLAR GEDİR

DİA.AZ: - İlk əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə itkin düşmüş qardaşının tapılması və deputat mandatı alması ilə bağlı apardığı separat danışıqların gizli videoçəkilişlərini yaydı. Və bununla da aləm bir-birinə dərdi. Nəticədə mandatı əlindən alınan Gülər Əhmədovaya qarşı bir basqı düzənləndi. Əslində ittihamın əsas hədəfi olan, yəni bu separat siyasi bazarlığın üstündə dayanan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi ki, PA şefi də məsuliyyətdən kənarda qalmağı bacardı.

Ramiz Mehdiyev və onun çevrəsi məlum olayda nə qədər ehtiyatlı oynamağa çalışsa da, artıq hakimiyyət daxilindəki uçurum mahiyyətli parçalanmanın gizlədilməsi qeyri-mümkün idi. Bəli, hakimiyyət bu videoçəkilişin yayımı ilə parçalanaraq iç savaşa meydan oldu. Bunun ardından isə Parisdən başlanan əməliyata, Moskvadan reaksiyalar verilməyə başladı.

Söhbət təbii ki, «Oliqarxların təşkilatı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqından gedir. Kimlər üçünsə sadə görünən bu məsələ əslində Kremlin növbəti tryuku idi. Rəsmi Moskva bu yolla Ramiz Mehdiyevdən də betər «Ramiz Mehdiyevinin» olduğunu Azərbaycan iqtidarının diqqətinə çatdırmış oldu. Gələn siqnal belə idi ki, əgər rəsmi Bakı 2013-cü il prezident seçkiləri dönəmində Ramiz Mehdiyevin timsalında Rusiya qanadından imtina etmiş olarsa, o zaman Azərbaycanda təlatümlü olaylar baş qaldıracaq.

Yəqin ki, bu «təlatümlü olaylar» barədə bu gün bəzi müxalifət mətbuatı tərəfindən az qala qəhrəman kimi tanıdılan, əslində Kremlin sıradan nökərlərindən birinə çevrilmiş məşhur kinorejissor Rüstəm İbrahimbəyovun açıqlamalarında da yetərincə bilgi almısınız. Özünün üç mətbu orqana verdiyi müsahibəsində bu barədə danışan İbrahimbəyov Azərbaycanda vəziyyətin qarışa biləcəyini söyləmişdi. Çox keçmədi ki, əslində ağalarının dili ilə danışan dünya şöhrətli kinorejissorun verdiyi anons reallığa çevrildi. Rusiyanın Azərbaycandakı səfiri şimal bölgəmizdə milli azlıq nümayəndəsi olan gənclərlə heç bir səbəb və əlamətdarlıq olmadan görüş keçirdi. Ardından isə «Sadval» terror təşkilatı (bu terror təşkilatının aktivində neçə-neçə Azərbaycan övladının qətlinin icrası var -red.) fəallaşdığını elan etdi. Daha sonra isə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Təşkilatı yaradıldı. Və hər kəs fərqində idi ki, artıq Rusiya RAmiz Mehdiyevin çıxarılmasının Azərbaycana nəyə mail olacağını net şəkildə ortaya qoymaqda idi. Paralel olaraq isə Kreml artıq oyuncağa çevirdiyi «oliqarxların təşkilatının» fəaliyyəti ilə Qarabağ problemi müstəvisində Azərbaycanın sinirləri ilə oynamağa başladı.

İndi isə Elşad Abdullayev artıq milli «VikiLiks»imizə çevrilib və daha bir neçə videoçəkilişini açıqlayıb. Kifayət qədər səs-küy yaradan bu videoçəkilişlərin birbaşa nəticəsi olmasa da, artıq müəyyən hərəkətlənmələr müşahidə olunmaqdadır. Amma bir daha vurğulayırıq ki, olduqca xəfif tərzdə cərəyan edən bu prosesdə həddsiz ehtiyatlılıq aşkar surətdə hiss olunandır ki, bu da təbii olaraq Kremlin Azərbaycanda seçkiqabağı dönəmdə yaşanılan proseslərə verdiyi reaksiyanın nəticəsi kimi qəbul olunmalıdır.

Bəli, Kreml Azərbaycanı itirmək istəmir. Amma artıq Azərbaycan Kremlin deyil və bu yolda rəsmi Bakının inamlı addımlar atması gözləniləndir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə bildirir ki, Ramiz Mehdiyevlə hakimiyyətin yolları istər-istəməz ayrılacaq: «Çünki vəziyyət elə bir həddə yetişib ki, Ramiz Mehdiyev əvvəlki qədərində proseslərə təsir edə bilmir, həmçinin Kremlin bu tərzli təzyiqləri ilə Mehdiyevin əvvəlki qədərində nüfuz sahibi olması da ağlabatan deyil. Hətta o halda belə, yəni hakimiyyətin Moskvanın qarşısından qaçaraq, Ramiz Mehdiyevin toxunulmazlığını qoruyacağı təqdirdə belə, PA şefi əvvəlki statusunda olmayacaq. Artıq «boz kardinal»ın üzərindəki «əzəmət kaplaması» darmadağın olub».

Mənbəmiz bu açıqlaması ilə yanaşı, redaksiyamıza ilginc bir məlumat da verib: «Əslində Ramiz Mehdiyevi hədəfə alan qüvvələr nələrin baş verəcəyini hələ öncədən təxmin etmişdilər: «Hər halda, Rusiyanın müdaxiləsi hesablanmışdı. Sadəcə olaraq, bu müdaxilənin şiddət dərəcəsi gözləniləndən artıq oldu ki, bunu da siyasətdəki ənənəvi «ruskaya tupost» tərzinə uydurmaq olar. Deməli, nəzərə alınma varsa, ona adekvat addımlar da hesablanıb».

Mənbəmizin sözlərinə görə, prose selə hadisələri kontrolda saxlayan qüvvələrin istədiyi axarda inkişaf edir: «Təbii ki, Ramiz Mehdiyevi Gülər Əhmədovanın mandatına bükərək yola salmaq mümkün deyildi. Hələ çox işlərin üstü açılmalıdır ki, PA şefinə həlledici zərbə vurula bilsin».

Bunun nə zaman ola biləcəyinə gəlincə isə, mənbəmiz vurğuladı ki, may ayına qədər proseslər yekunlaşacaq: «Artıq bu barədə Kremllə də müzakirələr gedir. Bakı istənilən halda Moskva ilə dil tapmalıdır. Çünki Rusiya hələ də güclüdür və bizim şimalımızda yerləşir. Anlaşma olacaq. Və hesablanır ki, Kremlin də Azərbaycanda nəzərdə tutulan dəyişikliklərə razı salınmasmı mümkünləşsin».

Geri qayıt