Əsas Səhifə > Gündəm, Manşet > OLİQARXLARIN YENİ AZƏRBAYCAN PLANI İŞƏ DÜŞÜR

OLİQARXLARIN YENİ AZƏRBAYCAN PLANI İŞƏ DÜŞÜR


27-11-2012, 10:46
OLİQARXLARIN YENİ AZƏRBAYCAN PLANI İŞƏ DÜŞÜR
KREML RƏSMİ BAKININ ƏSƏBLƏRİNİ YENƏ DƏ TARIMA ÇƏKMƏYƏ HAZIRLAŞIR

DİA.AZ: - Rusiyada yaranmış və özünü «Rusiya Azərbaycan Təşkilatları İttifaqı» kimi təqdim etməyə çalışan, amma əslində Kremlin Azərbaycana qarşı növbəti təzyiq alətindən başqa heç bir əhəmiyyət daşımadığı gün kimi aydın olan «oliqarxların ittifaqı» ilə bağlı yeni plan işə düşə bilər. Bu ilginc məlumatı DİA.AZ-a Moskvadakı qaynaqlarımız verib.

Mötəbər mənbənin bildirdiklərinə görə, bu günlərdə RATİ adından Azərbaycan xalqına müraciətlər ediləcək və ilk dəfə olaraq bu təşkilatın əslində bir siyasi təşkilat olduğu üzə çıxmış olacaq. Xatırladaq ki, buna qədər qurumun yaradıcıları israrla siyasətə qarışmadıqlarını bildirmişdilər. Hətta qurumun sədri kimi təqdim olunan, Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov rəsmi Bakının xeyir-duasını almadan fəaliyyətə keçməyəcəyini də söyləmişdi. Amma indi gələn məlumatlar tamam fərqli bir mənzərəni ortaya qoyur.

Mənbəmiz iddia edir ki, oliqarxların təşkilatı adından Azərbaycan xalqına ediləcək müraciətdə qarşıdan gələn prezident seçkilərinə və eyni zamanda guya ki, Azərbaycan daxilində «vətəndaş həmrəyliyi» məsələsinə toxunulacaq: «Hələlik müraciətin mətni barədə yalnız söz-söhbətlər dolaşır. Amma indidən aydındır ki, müraciətin mətni təxribatçı xarakterdədir. Çünki etnik məsələyə yenidən qayıdılacaq və elə bir təəssürat yaradılmağa çalışılacaq ki, sanki Azərbaycanda hansısa milli azlıqların haqqı tapdanır və guya ki, Azərbaycan xalqı məhz bu səbəbdən 2013-cü il prezident seçkilərində namizədlərdən sözügedən «problemin» həlli ilə bağlı vəd almalıdır».

Hər halda, RATİ adından davamlı olaraq xəyanətkar addımların atılması Azərbaycan cəmiyyətində də bir alışqanlıq yaratdığından Söyün Sadıqov kimilərinin Kremldən aldıqları növbəti təxribatçı sifarişləri icra etmələrinin hansısa formada cəmiyyətimizdə iz buraxacağı gözlənilən deyil. Amma bir məsələ də var ki, milçək bir şey olmasa da, könül bulandırır…

Geri qayıt