Əsas Səhifə > Partiya > ZİYALILAR FORUMU YENİDƏN FƏALLAŞIR

ZİYALILAR FORUMU YENİDƏN FƏALLAŞIR


26-11-2012, 12:49
ZİYALILAR FORUMU YENİDƏN FƏALLAŞIR
QURUM ADINDAN PRİNSİPLƏR AÇIQLANDI

Noyabrın 26-da Azərbaycan Ziyalılar Forumu bəyanat yayıb. “Media forum” saytının məlumatına görə, bəyanatda ölkədə vətəndaşların söz və vicdan, sərbəst toplaşmaq azadlıqlarının, ədalətli məhkəmə, əmək, özəl mülkiyyət hüquqlarının pozulduğu qeyd olunur: “Hakimiyyət açıq-aşkar nümayiş etdirir ki, ölkədə sosial və siyasi sarsıntılara gətirib çıxaracaq bu dağıdıcı kursu davam etdirmək niyyətindədir. Ziyalılar Forumu bəyan edir ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti üçün bu təhlükəli durumdan çıxmağın yalnız bir hüquqi, sivil və effektiv çıxış yolu var – xalqın hakimiyyəti formalaşdırmaq hüququnun təmin edilməsinə nail olmaq: “Bu gün Azərbaycan Konstitusiyasının “hakimiyyətin mənbəyi xalqdır” kimi fundamental prinsipi əməldə təmin olunmur. Nə qədər ki, hakimiyyət bələdiyyə, parlament və prezident seçkilərində yalnız özlərinin – korrupsiyalaşmış klanların “qaliblərini” təyin edəcəyinə əmindir, ölkəmizdə digər hüquqların təminatı mümkün olmayacaq. Bu vəziyyətdə biz total korrupsiyadan yaxa qurtarmayacaq, məmur özbaşınalıqlarının, yoxsulluq və sosial ədalətsizliyin qarşısını ala bilməyəcəyik.

Buna görə də ölkəmiz üçün, indiki və gələcək nəsillər üçün gələn il Azərbaycanda keçiriləcək prezident seçkisi çox önəmli, taleyüklü hadisədir. Azərbaycan Ziyalılar Forumu vətəndaş cəmiyyətinin görkəmli nümayəndələri, QHT rəhbərləri, gənclər təşkilatlarının fəalları, tanınmış politoloq və hüquqşünaslarla çoxsaylı görüşləri nəticəsində ədalətli və şəffaf seçkilərin keçirilməsinin ictimai layihəsini hazırlayıb. Bir çox ölkələrin real təcrübəsinə əsaslanan bu layihəyə seçki nəticələrini bütün mümkün saxtalaşdırmalardan qoruyan müasir metodlar daxil edilib. Buraya yerli və beynəlxalq müşahidəçilərin işi, ekzit-polların keçirilməsi, səslərin paralel sayılması və s. üsullar daxildir. Ziyalılar Forumu bu layihənin ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi üçün özünün bütün təsir imkanlarından istifadə etmək niyyətindədir.

Ədalətli seçki nəticəsində hakimiyyətə gələcək prezidentin dərhal legitim, cəmiyyət qarşısında hesabat verən hakimiyyəti formalaşdırmaq, köklü demokratik islahatları keçirmək imkanı olmalıdır. Ziyalılar Forumu sosiologiya, hüquq, politilogiya və iqtisadiyyat sahəsindəki ekspertlərlə birlikdə seçkilərdən dərhal sonra ölkə rəhbərliyinin effektiv işləyəcəyinə imkan verəcək proqramların hazırlanmasına başlayıb. Bu proqramlar artıq avtoritarizmdən demokratiyaya uğurlu keçid edən bir çox ölkələrin beynəlxalq təcrübəsinə, həm də Azərbaycan xalqının özəlliklərinə, onun tarixi yolu və mədəniyyəti, müsəlman Şərqində ilk demokratik, parlament respublikasının təməlini qoyan görkəmli siyasi xadimlərmizin yaratdığı siyasi ənənələrinə əsaslanır.

Ziyalılar Forumunun yaxın zamanlarda ictimai təqdimatını keçirməyi nəzərdə tutduğu həmin proqramların əsas istiqamətləri bunlardr:

- hakimiyyətin istənilən səviyyəsində korrupsiyasının qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hakimiyyətin qolları arasında effektiv balans yaradan yeni siyasi-hüquqi sistemin qurulması;

- postneft mərhələsinə hesablanan və insanların sosial rifah, ölkənin dayanıqlı inkişafını təmin edən yeni sosial-iqtisadi modelin tətbiqi;

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və süverenliyini bərpa etməyə qadir olan yeni siyasi strategiyanın işlənib-hazırlanması.

Azərbaycan cəmiyyətinin yeniləşmək istəyini, həmçinin tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətini nəzərə alan Ziyalılar Forumu ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırır”.

Geri qayıt