Əsas Səhifə > Siyasət, Manşet > BAKI MƏKTƏBLƏRİNDƏ YENİ RÜŞVƏT ÜSULU
BAKI MƏKTƏBLƏRİNDƏ YENİ RÜŞVƏT ÜSULU23-11-2012, 09:11 |
İBTİDAİ SİNİFLƏRDƏ ƏMƏLLİ-BAŞLI BİZNES QURANLAR VAR İMİŞ DİA.AZ: - Redaksiyamıza müraciət edən Bakı sakini Elza Kərimovanın narazılığı son zamanlar «bespredel» təsiri bağışlayan təhsil sistemindəndir. Belə ki, narazı vətəndaş başında Misir Mərdanovun dayandığı təhsilimizdəki aşkar rüşvətxorluqdan giley-güzar edir. Övladının Bakı məktəblərinin birində təhsil aldığını bildirən şikayətçinin DİA.AZ-a yazdıqlarına görə, bu il ilk övladı məktəbin birinci sinfinə qədəm qoyub: «Təbii ki, bir ata-ana üçün övladın məktəbə getməsinin nə qədər sevincli olmasını hər kəs yaxşı başa düşər. Ən azından valideyn olanlar. Amma möhtərəm Misir müəllim orta məktəblərdə elə bir şərait yaradıb ki, sevincimizin ömrü uşaqlarımız üçün məktəb seçən ana qədər davam edir». Ən yaxşı halda 100-150 manata uşaqların birinci sinfə götürüldüyünü bildirən valdiyen şikayətlənir ki, məktəb açılan gündən bu ana qədər uşağının kitabları, iş dəftərləri və digər xərcləri adı altında 1000 manata yaxın pulu çıxıb: «İndi o qədər peşman olmuşam… Gərək əvvəlindən uşağımı pullu məktəbə qoyaydım və bilərdim ki, cəmi bir dəfə xərcim çıxacaq və bunun da müqabilində övladımın təhsili normal olacaq. Amma bu məktəbdə pulu tələb etmələrinə baxmayaraq, təhsil barədə düşünən də yoxdur». Övladının hələ orta məktəbə qədər yaxşı səviyyədə hazırlaşdığını, ayrı-ayrı hazırlıq kurslarına getdiyini bildirən valdiyen giley-güzar edir ki, amma bunun müqabilində övladı hər gün məktəbdən aşağı qiymətlərlə geri dönür: «Halbuki həmin dərsləri yaxşı bildiyini biz də bilirik. Amma məktəbdə aşağı qiymət alır. Səbəbini öyrənməyə çalışdıq və öyrəndik. Sən demə, ibtidai sinif müəlliməsi də özü üçün bir bazar açıb. Kim ki, ayı 80-100 manata qruppaya, yəni dərsdən sonra hazırlığa yazılırsa, həmin uşaqlara yaxşı qiymətlər verilir, evə gedib, evdə hazırlaşan uşaqlar isə hətta vunderkind olsalar belə, aşağı qiymət alırlar». Artıq bununla bağlı təhsil nazirliyinə və korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət etməyə hazırlaşdığını bildirən valideyn onu da söylədi ki, bütün orta məktəblərdə durum eynidir: «Ona görə də bu məktəbdən çıxarıb, başqa bir məktəbə qoymağın özü də doğru deyil»… Geri qayıt |