Əsas Səhifə > Cəmiyyət > GÜNƏŞSİZ DÖNƏMƏ QARŞI BİR ŞAM QƏDƏRİNDƏ MÜQAVİMƏT…

GÜNƏŞSİZ DÖNƏMƏ QARŞI BİR ŞAM QƏDƏRİNDƏ MÜQAVİMƏT…


21-11-2012, 10:48
GÜNƏŞSİZ DÖNƏMƏ QARŞI BİR ŞAM QƏDƏRİNDƏ MÜQAVİMƏT…
DEMİRƏM Kİ, SKİNXED SAXLAYIN...

DİA.AZ: - Başlayıblar. Vətənimi hədəfə alıblar. Olacaqdı. Gözlənilən idi. Hər zaman əvvəlki kimi olmalı deyildi ki…

Bizim məmurlar düşünürdü ki, onlar ancaq yeyə bilərlər və Azərbaycanımın üzərində qurduqları ziyafət masası əbədi olacaq. İndi isə bədəl ödəmə zamanıdır.

Rusiya bir yandan, İran da bir yandan hədəfə alıb. Yenə də yetim Azərbaycanım ortada qalıb. Özünü Şirxanın yanındakı çaqqal kimi hiss edən tulalar Azərbaycan türkünün olan-qalan dövlətinin dibini qazmaq fikrinə düşüblər. «Mauqli»dəki kimi «a mı idyom na sever» deyib Şimaldan gələn buyruqları icra edirlər.

Kim çıxacaq onların qarşısına? İşi-gücü yalnız dövlət büdcəsindən gənclər siyasətiylə bağlı ayrılan pulları yeyib-dağıtmaq olan, gəzməli-görməli yerlərdə kef edib, millətə həqarət etmək olan YAP-çı gənclərmi? Yoxsa hər mitinqdə qol-qanadı sındırılan müxalifətçi gənclərmi?

Gəlirlər onlar. Üstümüzə qaldıran qaldırır, hürdürən hürdürür. Köpəklərin qənimi hər zaman qurd olub.

Bizdə isə illərdir vətənini, millətini sevən Boz Qurdlar əzilib. İllərdir bizi dar bir köşəyə çəkilməyə qədər sıxıblar, əziblər. Başlar qalxanda ilk olaraq bizim başımızdan vurublar ki, BİZ DAHA TƏHLÜKƏLİYİK…

Amma anlamayıblar ki, bizim təhlükəliliyimizdən bu millətə və vətənə heç bir zaman zərər gələ bilməzdi. Bizi son nəfərimizə qədər əzdilər.

Bu gün bizlər hardayıq. Hərəmiz bir ünvanda. AzTV-də çalışanımız da var, Kəmaləddin Heydərovun çətiri altına sığınanımız da. Əli Həsənovun buyruqları ilə oturub-duranımız da var, qara fəhləlik edənimiz də. Amma halbuki bizlər yalnız və yalnız bu millətə qara fəhləlik üçün yola çıxmışdıq.

Bizi təhlükə kimi görənlər ilk başdanca bizi əzdilər və bu gün bizim ehtiyacımızdadırlar. Bir zamanlar var olmuş, amma indi pərən-pərən düşmüş Türk Millətçi Gənclər Təşkilatından danışıram.. Bir zamanlar üzvü olduğum təşkilatdan…

***

Deyirlər ki, dekabrın 21-ində dünya qaranlığa qərq olacaq. Hərə bir şam alır. Azərbaycan da dünyanın bir parçasıdır. Amma dünya qaralmasa, qaranlığa qərq olmasa belə, Azərbaycanı qaraltmaq, qaranlığa qərq etmək istəyənlər var.

Bilirsinizmi ki, özünümüdafiə instiktindən çıxış edən insanların Günəşin olmayacağı zülmətə qarşı bir şamla mübarizə aparması nəyə bənzəyir? Yəni bu o deməkdir ki, Allah insan oğlunu heç bir zaman ümidsiz qoymur. Bir şam qədərində olsa belə, insanlar ümid edirlər. Hətta Günəşə alternativ olaraq şamı görürlər…

Elə isə, Siz ey cənab yetki sahibləri, bu milləti qaranlığa qərq etmək istəyənlərə qarşı bir şamlıq da olsa tədarük görmək zorundasınız…

Məhəmməd ƏRSOY

Geri qayıt