Əsas Səhifə > Siyasət, Manşet > HESABLAMA PALATASI CƏZA MAŞININA ÇEVRİLİR

HESABLAMA PALATASI CƏZA MAŞININA ÇEVRİLİR


20-11-2012, 11:34
HESABLAMA PALATASI CƏZA MAŞININA ÇEVRİLİR
BİR NEÇƏ İCRA HAKİMİYYƏTİ VƏ ALİ TƏHSİL OCAĞI HƏDƏFƏ ALINACAQ

DİA.AZ: - Son günlər ayrı-ayrı dövlət qurumlarının Hesablama Palatası tərəfindən yoxlanılması və bu prosesdə HP-nin əslində bir cəza aləti kimi istifadə olunması cəhdi müşahidə olunmaqdadır. Məsələn, bir müddət əvvəl Dövlət Dillər Universitetilə bağlı prosesdə Palatanın bəlli xidmətlərindən gen-bol istifadə olundu. Və həmin ərəfədə bildirilirdi ki, əslində, Hesablama Palatasının «aşkarladığı» nöqsanlar əvvəldən də məlum idi, sadəcə olaraq burada hədəf rektor Səməd Seyidov idi.

DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, Hesablama Palatasının əli ilə bu günlərdə daha bir neçə quruma qarşı təzyiqlər planlaşdırılır: «Əslində Maliyyə Nazirliyi-Hesablama Palatası-Vergilər Nazirliyi-İqtisadi İnkişaf Nazirliyi şəbəkəsindən bu gün cəza aləti kimi istifadə olunması ənənə halını alıb. Və bu dəfə də Hesablama Palatasından eyni ampluada istifadə olunacaq, amma cəzaların daha sərtliyi diqqət çəkəcək».

Mənbəmiz bildirir ki, dekabr ayının sonlarına yaxın Hesablama Palatasının bir neçə icra hakimiyyəti ilə bağlı qərarının açıqlanması gözlənilir: «Yoxlamalar davam edir. Və bu yoxlamaların yekununun rəsmən elan olunması nəzərdə tutulur. İcra hakimiyyətləri ilə yanaşı, iki ali məktəblə bağlı da qərar açıqlanacaq».

Məlumatlara görə, həmin məlumatlar əsasında cinayət işinin açılması belə mümkündür: «Konkret kimlərin hədəfə alınmasına gəoincə isə, kimsənin gözləmədiyi vəziyyət yaranacaq. Məsələn, bu gün hamı bilir ki, Qubaya göndərilmiş icra başçısı Mübariz Ağayevə hələ toxunmazlar. Amma bunun əksi olacaq. Yəni hədəflərdən biri odur».

Geri qayıt