Əsas Səhifə > Siyasət, Manşet > AYDIN ƏLİYEVİN DAHA BİR KORRUPSİYA YUVASI

AYDIN ƏLİYEVİN DAHA BİR KORRUPSİYA YUVASI


20-11-2012, 09:21
AYDIN ƏLİYEVİN DAHA BİR KORRUPSİYA YUVASI
TOVUZ GÖMRÜK İDARƏSİ AZƏRBAYCANDA BAHALAŞMAYA DƏSTƏK VERİR

DİA.AZ: - Azərbaycanda rüşvət və korrupsiyanın ən çox kök saldığı sahələrdən biri də gömrük keçid məntəqələridir. Ölkə sərhədini bir dəfə keçən istənilən şəxs bunu təsdiqləyə bilər. Biz hələ bizneslə məşğul olan, digər ölkələrdən Azərbaycana, eləcə də Azərbaycandan başqa ölkələrə müxtəlif malların idxalı və ixracı ilə məşğul olan iş adamlarını demirik. Əslində son illər ölkədə özünün pik nöqtəsinə çatan monopoliyalaşma, eyni zamanda gömrük xidmətində baş alıb gedən rüşvətxorluq belə iş adamlarının böyük əksəriyyətinin müflis olmasına, biznesdən uzaqlaşmasına səbəb olub. Xarici ölkələrlə ticarət müxtəlif monopolistlərin əlində cəmləşib. Bu prosesdə oliqarxların əsas təzyiq aləti də elə gömrük xidməti olub.

Ən acınacaqlısı odur ki, hətta qonşu ölkələrə - Türkiyəyə, Irana, Gürcüstana bizneslə əlaqədar deyil, səyahət, müalicə və bu kimi başqa məqsədlərlə gedən vətəndaşlarımız da gömrük-keçid məntəqələrində min bir əziyyətlə qarşılaşırlar. Qazax-Sınıq Körpü Gömrük postundan DİA.AZ-a daxil olan son məlumatlar da elə bu barədədir. Öncə qeyd edək ki, sözügedən post Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük Idarəsinin tabeliyindədir.

Məlumata görə, Sınıq Körpü Gömrük-Keçid məntəqəsindən Gürcüstana keçıb-qayıdan vətəndaşlar gömrük əməkdaşlarının özbaşınalığından, burada sərhəd tanımayan rüşvətxorluqdan hədsiz narazıdırlar.

Gürcüstana gedib-qayıdan əksər vətəndaşlar neft ölkəsi olan Azərbaycanda qiymətlərin Gürcüstanla müqayisədə 3-4 dəfə baha olduğunu bildirirlər. Hotellərdə qalmaq qiymətindən tutmuş, bazarda alış-verişə qədər bütün sahələdə Gürcüstanda qiymətlərin ucuz olduğunu önə çəkən vətəndaşlar orada rüşvətin olmamasının ilk andaca diqqəti cəlb etdiyini vurğulayır, geriyə qayıdan zaman isə elə gömrükdə tamamilə əks mənzərə ilə qarşılaşdıqlarını bildirirlər.

Sınıq Körpü adlanan keçid məntəqəsində insanlar saatlarla soyuq havada gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır. Belə ki, günorta saat 12-də yoxlanışa buraxılan avtobus düz axşam saat 5-də oradan çıxa bilir. Halbuki Gürcüstan gömrüyündə bu yoxlama cəmi 10-15 dəqiqə vaxt aparır.

Minik avtomobili ilə gələnlər isə rüşvət sayəsində öz növbəsini qabağa saldırır və postu tez keçirlər. Avtobus sürücüləri isə onlardan tələb olunan rüşvəti verə bilmir və bu səbəbdən saatlarla orada yubanmaq məcburiyyətində qalırlar.

Vətəndaşların əsas narazılıqlarından biri də Sınıq Körpü adlanan ərazidə antisanitariya şəraitinin hökm sürməsidir. Ərazi az qala zibilliyi xatırladır.

Ən acınacaqlısı isə odur ki, burada sanitar qovşaq yoxdur. Burada bazarda meyvə-tərəvəz, çay və su olduqca baha qiymətə satılır. Saatlarla keçid məntəqəsində yubadılan vətəndaşlar orada alver etmək məcburiyyətində qalırlar.

Əldə etdiyimiz məlumata görə, keçid məntəqəsində avtobusların yubanması gömrük xidməti rəisinin özəl maraqları ilə bağlıdır. Çünki 5 saat ərzində burada müəyyən alış-veriş edilir ki, bundan da ona “haqq” çatır.

Mənbə onu da bildirir ki, Azərbaycanda mal ətinin 10 manatdan aşağı düşməməsi ölkə əhalisi arasında ciddi narazılıq doğurub. Belə ki, qonşu Gürcüstanda qoyun ətinin 1 kiloqramı təxminən 2 manatdan aşağı olduğu halda, Bakı bazarlarında ətin kilosu 9-14 manatdır.

Bu sahə ilə məşğul olan sahibkarlar bildirir ki, Azərbaycan gömrük keçid məntəqələrində və yollarda çəkdikləri xərc Gürcüstanda ətə verdiyi puldan iki-üç dəfə yuxarı olur.

Belə ki, Sınıq Körpü Gömrük keçid məntəqəsində Gürcüstandan Azərbaycana gətirilən hər bir qoyuna görə əlavə 50-60 dollar məbləğində pul tələb edilir. Həmçinin Gürcüstandan Azərbaycana iri buynuzlu mal-qara gətirən sahibkardan yük maşınlarının hər birinə 7500-8000 manat rüşvət tələb edilir.

Hər halda bütün bunlardan həm hələ də gömrük orqanlarını öz nəzarəti altında saxlayan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun, həm də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin xəbərdar olmaları anlaşılandır. Bu bir faktdır ki, adlarını çəkdiklərimiz məhz bu kimi gömrük məntəqələrindən yığılan rüşvətin hesabına oliqarxa çeviriliblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt