Əsas Səhifə > Cəmiyyət > MƏMURUMUZ OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI

MƏMURUMUZ OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI


16-11-2012, 12:11
MƏMURUMUZ OLİQARXLARIN TƏŞKİLATINDAN DANIŞDI
HAKİMİYYƏT HƏLƏ DƏ GÖZLƏMƏKDƏDİR

Azərbaycanın Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektorunun müdiri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyev Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradılması ilə bağlı məsələyə münasibət bildirib.

PA-nin sektor müdiri Q.Əliyev AzNews.az-a eksklüziv açıqlamasında deyib ki, RATİ-nin yaradılması ilə bağlı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da mövqeyini ifadə edib: “Bildirib ki, diaspor təşkilatına qiymət onun fəaliyyətinə görə veriləcək. Yəni əgər milli maraqlara, dövlətçiliyə xidmət göstərən fəaliyyət sərgiləyəcəksə, təqdir edəcəyik, bunun əksi olacaqsa, mövqeyimizlə mətbuat vasitəsilə tanış olacaqsız”.

Azərbaycanın ən güclü diaspor təşkilatlarından birinin Rusiyada olduğunu vurğulayan Q.Əliyev bildirib: “Ümumrusiya Azərbaycanlıları Konqresinə tanınmış alim, cərrah Məmməd Əliyev rəhbərlik edir. Konqresin fəaliyyətini daha da gücləndirmək üçün Prezident Administrasiyasının əməkdaşı, nüfuzlu ictimai-siyasi xadim Mikayıl Hüseynov orada yüksək vəzifəyə təyin olunub. Diaspor təşkilatına imkanlı şəxslərin yardım göstərmələri onların şəxsi işləridir. Yardımları dayandırmaları da onların öz işləridir. Bu məsələdə bizim imkanlı şəxslərin hüquqlarına təsir etmək imkanımız yoxdur.

Mikayıl Hüseynovun dövlət idarəçiliyi və təşkilatçılıq sahəsində təcrübəsi var. Mikayıl Hüseynovun Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katib vəzifəsinə gətirilməsində məqsəd təşkilatın daha da möhkəmlətmək olub. Bəzən təşkilatı yaradırlar, amma onu idarə edə bilmirlər. Təşkilatçılıq, idarəçilik baxımından DAK, Ukrayna Azərbaycanlıları Konqresi və Ümumrusiya Azərbaycanlıları Konqresində problemlər var. Bunu etiraf edirik. Konqresin daxilində problemlər Mikayıl Hüseynovdan qabaq da var idi. Mikayıl müəllim mövcud problemləri aradan qaldırmaq və təşkilatı daha da gücləndirmək üçün ora rəhbər vəzifəyə göndərilmişdi”.

Geri qayıt